Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

 Unikal.org  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. İndi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.
Diqqətə çatdırıldı ki, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və 8 avtodayanacaq quraşdırılıb. Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib. Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.
Prezident İlham Əliyevə rayonun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Qeyd olundu ki, 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 18 kilometrdir.

Prezident İlham Əliyev Şamaxı-İsmayıllı yolunun yenidən qurulması barədə göstəriş verərək dedi:

- Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda? Biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Amma şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə.
Sonra dövlətimizin başçısı Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

XXX

12:40

Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.