Bir neçə gün əvvəl müxtəlif kütləvi informasiya vasitələrində Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə yüksək mərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı məlumat yayımlanmışdır.

İH-dən Unikal.org-a verilən məlumata görə, məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət etmişdir. Bununla əlaqədar olaraq dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılmış və Komissiya üzvləri həmin məktəbdə olaraq məsələ üzrə ətraflı araşdırma aparmışlar.

Müəyyən edilmişdir ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilmiş, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılmışdır. 

Araşdırma zamanı məlum olmuşdur ki, hər iki halda ərazinin ayrılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilmişdir. Bunu, tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş Sərəncam ləğv edilmişdir.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır.

Xatırladaq ki, sözügedən tikintiylə bağlı “Qafqazinfo”nun yaydığı reportajı təqdim edirik: