"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu payız əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpasına başlayacaq".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.
Onun sözlərinə görə, artıq meşəbərpa işlərinin aparılması üçün Qəbələ, Oğuz, Şəki, Bərdə, Yardımlı, Şamaxı, İsmayıllı rayonlarının yanğına məruz qalan meşə sahələrində hazırlıq işləri görülür: "Əvvəlcə torpağın üst qatı yumşaldılır, sonra müxtəlif meşəcinsli ağacların toxumları səpiləcək. Biz həmin rayonların sakinlərindən xahiş edirik ki, meşə sahələrinə mal-qaranı buraxmasınlar. Bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm toxumların cücərməsinə, həm də təbiibərpa işlərinin getməsinə şərait yaranacaq. Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları nəticəsində minlərlə hektar meşə zolaqları yanaraq külə dönür. Şükürlər olsun ki, Azərbaycanda böyük sahələri əhatə edən meşə yanğınları olmayıb, kiçik həcmli yanğınlar baş verib ki, bunun da qarşısı tez bir zamanda alınıb”.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda meşə yanğınları əsasən havaların isti və quraq keçdiyi yay aylarında, yəni ot örtüyünün tam quruduğu zaman əsasən insanların ehtiyatsızlığı səbəbindən baş verib: "Məsələn, kimsə söndürülməmiş siqaret kötüyünü, kibriti əraziyə atanda, tonqalı söndürməyəndə, taxıl biçildikdən sonra kövşənləri yandıranda. Meşə sahələri ən qiymətli milli təbii sərvətimizdir. Ona görə onları həm yanğından, həm də mal-qara tapdağından qoruyaq ki, meşələrimiz özünü bərpa edə bilsin".