Qazaxıstandan ölkəmizə köç edən və Lənkəranda qarğaların yaraladığı dovdaq quşu xilas olunub. Dünyada nadir quşlardan hesab olunan və adı “Qırmızı kitab”a düşən dovdaq quşunun ayaqlarında qeydiyyat nişanı da var. Xilas olunan quş Qızılağac Dövlət Qoruğunun əməkdaşlarına təhvil verilib.
Unikal.org azərtac-a istinadən xəbər verir ki, nadir quşu Lənkəran şəhər sakini Elvin Quluzadə xilas edib. Onun sözlərinə görə, axşam saatlarında dəniz kənarında gəzərkən səmada 20-yə yaxın qarğanın bir quşu qovduğunu görüb. Həmin quş qarğalara heç bir müqavimət göstərmədən qanadlarından və boğazından yaralanaraq yerə düşüb. Qarğalar yerdə də dovdaq quşunu dimdikləyərək onu hücum ediblər. Vəziyyəti belə görən Elvin quşun düşdüyü əraziyə gedərək, onu xilas edib.
Elvin Quluzadə quşun ayağında möhürlənmiş nişanı gördükdə, aidiyyəti qurumlara məlumat verib və Qızılağac Dövlət Qoruğunun əməkdaşları quşu ondan təhvil alıblar. Quşa baxış keçirdikdən sonra məlum olub ki, o, adı dünyanın, o cümlədən də Azərbaycanın “Qırmızı kitab”ına düşmüş nadir quşlardan hesab edilən dovdaq quşudur.
Qeyd edək ki, dovdaq quşu qışlama üçün su hövzələrinə köç edir. Nəsli tükənməkdə olan dovdaq quşlarının əsas məskəni Qazaxıstan sayılır.