Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasında mövcud münasibətlərə toxunaraq, Azərbaycan tərəfinin Kolumbiya ilə bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrüyünün son dövrdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib, həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik və modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunduğunu bildirib.
Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas səmimi görüşə görə təşəkkürünü bildirib, iki ölkə arasında dostluq əlaqələrindən bəhs edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin perspektivləri barəsində fikir mübadiləsi aparılıb.