Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin baş direktoru Zidrinas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadilə məqsədilə ölkəmizə rəsmi səfərə gəlib.

Unikal.org xəbər verir ki, nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Həmçinin qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Daha sonra Baş Prokurorluqda görüş olub. Qonaqları qəbul edən Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, müasir informasiya texnologiyaları üzrə qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan yeni kadr siyasətinin reallaşdırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasında cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, kriminogen duruma səlahiyyətli dövlət təsisatları tərəfindən ciddi nəzarətin həyata keçirildiyi, qeydə alınan bütün cinayətlərə, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə qarşı kəsərli mübarizənin təmin olunduğu, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin profilaktikası istiqamətində qətiyyətli işlərin görüldüyü, MDB məkanında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə ölkəmizin müsbət göstəricilər əldə etdiyi diqqətə çatdırılıb.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.