Hacıbala Abutalıbov paytaxtı qışa necə hazırlayır?
14:12 20-10-2012
İQTİSADİYYAT
Hacıbala Abutalıbov paytaxtı qışa necə hazırlayır?
Dünən Bakıya yağan qışa müddətli yağışın səbəb olduğu sel bütün sualları cavablandırdı
Dünən günorta saatlarından başlayaraq paytaxt Bakının bir neçə istiqamətinə yağan yağışın yolları iflic etməsi əslində qışa hansı səviyyədə hazırlaşdığımızı bizlərə bir daha xatırlatdı.
Məlumat üçün bildirək ki, güclü leysan şəhərin əsasən “20 Yanvar” metrosu, Yasamal rayon ərazisində problem yaradıb. Sözügedən ərazidə olan müxbirimizin verdiyi məlumata görə, çay kimi axan su yolda nəqliyyatın hərəkətini iflic edib, yollar demək olar ki, bağlanıb, əraziyə düşmək çətinləşib. Ərazinin bəzi yerlərində isə su dizə qədər qalxıb. Leysanın paytaxtın digər ərazilərində də ciddi problemlər yaratması aşkarlanıb.
Xatırladaq ki, bu problem hər il təkrarlansa da nədənsə müvafiq strukturlar bununla bağlı önləyici tədbirlər almağa həvəsli görünmürlər. Amma isti yay aylarından etibarən Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər məsul şəxslər qarşıdakı payız və qış mövsümü ilə bağlı hər hansı problemin olmadığını iddia edirlər. Yağan ilk yağış isə bu açıqlamaların ağ yalan olduğunu üzə çıxarmaqla yanaşı büdcədən Bakının kanalizasiya infrastrukturunun dəyişdirilməsi məqsədilə ayrılan maddi vəsaitin təyinatı üzrə xərclənmədiyini ortaya qoyur.
Mütəxəssislərin fikrincə, şəhərdə kortəbii məskunlaşma və kanalizasiya sisteminin yetərli olmaması, habelə dəniz səviyyəsindən aşağıda yerləşən dərə massivlərində iş yerlərinin və yaşayış evlərinin tikilməsi, suların axması üçün yer qalmaması problemin Bakı üçün aktual olmasını şərtləndirən faktorlardandır. Qeyd edək ki, əvvəllər Bakıda küçə və yol boyu yağan güclü seli dənizə axıtmaq üçün xüsusi kollektorlar var idi. Kanalizasiyalardan daşan sular da bu kollektorlar vasitəsilə dənizə axıdılırdı. Amma indi həmin qurğular ləğv edilib. Daha dəqiq desək, Bakı meri Hacıbala Abutalıbov yolları genişləndirmək adı ilə küçələrdəki su ötürücülərini məhv edib. Doğrudur, son vaxtlar Nəqliyyat Nazirliyi məsələ ilə məşğul olur. Amma şəhər təsərrüfatı hər hansı güclü leysana yenə hazır deyil. Bakının kanalizasiya sistemi bərbad vəziyyətdədir. Bu gün şəhərin bəzi yerlərində ümumiyyətlə kanalizasiya sistemi yoxdur. Son illər şəhərdə kortəbii evlərin və qəsəbələrin salınması da ciddi problemlərə yol açıb.
Bakı meri Hacıbala Abutalıbovun səriştəsiz idarəçiliyi nəticəsində bu gün Bakının onsuz da çox olan problemləri siyahısına biri də əlavə olunub: Bu yağan yağış sularının şəhəri əsl cəhənnəmə döndərmək qüdrətində olmasıdır. Problemin spesifikası isə təkcə yağış yağan günlərdə hərəkətin məhdudlaşdırılması deyil. Belə ki, paytaxt küçələrində özünə yer tapa bilməyən və nəzarətsiz bir şəkildə hara gəldi axan sular digər infrastrukturları da dağıtmaq gücündədir. Yenicə təmirdən çıxmış avtomobil yollarının məhz bu yağışlar sayəsində istifadəsiz hala gəlməsi hər halda kimsəyə sirr deyil. Başqa sözlə Hacıbala Abutalıbovun işində yol verdiyi nöqsanlar digər qurumların əməyini də yerə vurur.
Ölkə mətbuatı bununla bağlı hər il qış yaxınlaşanda həyacan siqnalı çalsa da nədənsə bunu kimsə eşitmək istəmir. Əcəba görəsən, Hacıbala Abutalıbov nə boyda qüdrətin və gücün sahibidir ki, onu sorğuya çəkmək bu qədər düyünə düşüb?
Natiq Rəhimov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00