Gürcüstanın yeni siyasət ritorikası mümkündürmü?
12:54 23-10-2012
CƏMİYYƏT
Gürcüstanın yeni siyasət ritorikası mümkündürmü?
Vasili Çkoidze: “Yeni iqtidar Azərbaycanla münasibətləri olduğu kimi saxlamalı və dərinləşdirməlidir”
Zərdüşt Əlizadə:
“Azərbaycan-Gürcüstan tandemini bölgənin
geopolitik gerçəklikləri formalaşdırıb”
Gürcü politoloqu Vasili Çkoidze bildirib: “Fikirləşmirəm ki, Gürcüstanın Azərbaycana yönəlik prioritet siyasəti dəyişə bilər, fikrimcə əvvəlki siyasət davam etdirilməlidir”.
Politoloq yeni parlamentin təsdiqi və onun, eyni zamanda hakimiyyətə gələn yeni qüvvələrin rolu barədə fikirlərini açıqlayıb. “Yeni parlamentə və hakimiyyətə gəlincə, demək istəyirəm ki, prinsipcə onlar çox söz verirlər. Parlamentin işi konstruktiv və sülh şəraitində keçdi. Bizim balanslaşdırılmış parlamentimiz var. İndiyədək belə olmamışdı. Gürcüstan belə bir parlament görməmişdi. İndi güclü müxalifət var. İndi hüquqi gücü olan partiya var. Bu, bütün konstitusion məsələlərin, resursların məsləhətləşmə yolu ilə həll edilməsinin qarantıdır.”
Politoloq Rusiya-Gürcüstan münasibətlərində yeni bir dəyişiklik olmayacağını proqnozlaşdırıb: “Rusiya-Gürcüstan münasibətlərində güclü dəyişikliklər gözləmirəm. Bu münasibətlərdə sentimental dəyişikliklər ola bilər. Proqnozuma görə, bu siyasətin ritorikası dəyişə bilər, başqa heç nə. Fikirləşirəm ki, beynəlxalq təzyiqin təsiri olmadan Rusiya Gürcüstanın işğal olunan ərazilərini əldən buraxmaz”.
Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olduğunu bildirən politoloq bu münasibətlərin indiki hakimiyyət üçün də prioritet məsələ olacağını bildirib: “Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır. Bunu hakimiyyətə gələn hər bir hökumət bilir və bizim hökumət də bunda maraqlıdır. İqtidarın iqtisadi və təhlükəsizlik, kənd təsərrüfatı, ticarət maraqları Azərbaycanla üst-üstə düşür. Biz təbii strateji tərəfdaşıq. Ona görə də hər dəfə istər Azərbaycanda, istərsə də Gürcüstanda hakimiyyətə gələn hökumət bilməlidir ki, bu əməkdaşlıq və münasibətləri olduğu kimi saxlamaq və dərinləşdirmək lazımdır. Azərbaycanla əməkdaşlıq və münasibətlərin yaxşılaşdırılması Gürcüstan üçün həmişə prioritet məsələ olaraq gündəmdə durur”.
Politoloq son günlər Ermənistan və Azərbaycan arasında gedən münaqişənin müharibəyə çevriləcəyi təqdirdə Rusiyanın Ermənistana kömək edəcəyi barədə fikirləşmədiyini bildirib: “Belə faciəli versiyalara mən baxmıram. Amma mən düşünmürəm ki, Gürcüstan öz ərazisindən Rusiyanın istifadəsinə yol verə bilər. Bizim hələ Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Torpaqlarımız işğal olunub. Buna görə də Rusiyanın Gürcüstan ərazisindən istifadə etmək istəməsi absurddur. Mən Rusiyanın hücumla ərazimizdən keçəcəyini də düşünmürəm. Bu, Gürcüstanın razılığı ilə də baş verə bilməz”.
Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, “Qonşu Gürcüstanda parlament seçkiləri keçirilməzdən öncə bir çoxları hesab edirdilər ki, gürcü müxalifətinin lideri İvanişvili Rusiyayönlü siyasətçi olduğundan o seçkilərdə qalib gəldikdən sonra Gürcüstanın xarici siyasəti kəskin şəkildə dəyişiləcək. Amma mən o zaman da qeyd edirdim ki, belə bir dönüş sadəcə mümkün deyil. Misal olaraq Ukraynada Yanukoviç iqtidara gələndən sonra Rusiya ilə yaranmış münasibətləri misal çəkirdim. Çünki Rusiya bir dövlət kimi hələ də imperiya ambisiyalarından əl çəkməyib və onun xarici siyasəti də bu tonda köklənib. İvanişvili dönəmindəki Gürcüstan-Azərbaycan münasibətlərini də bu kontekstdə nəzərdən keçirmək lazımdır. Təsadüfi deyil ki, Gürcüstanın yeni baş nazirinin ilk rəsmi səfərləri Birləşmiş Ştatlara və Azərbaycana olacaq. Onun bu marşrutu Gürcüstanın yeni xarici siyasətinin yönünü bir daha nəzərə çarpdırır”.
Politoloqun sözlərinə görə, “Rusiya bundan sonra da Abxaziya və Cənubi Osetiya üzərində öz diktatını saxlayacaq. Buna görə də Gürcüstanın yeni baş naziri istər-istəməz qərbyönümlü siyasət aparmağa məcbur olacaq. Qeyd edək ki, hazırda Cənubi Qafqaz bölgəsində Qərbin iki əsas tərəfdaşı var – Azərbaycan və Gürcüstan. Bu tandemi bölgənin geopolitik gerçəklikləri formalaşdırıb”.
Zərdüşt Əlizadə də hesab edir ki, “Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra həm şaquli, həm də vertikal yöndə dərinləşməlidir. Şimaldan gələn Rusiya, qərbdən qaynaqlanan Ermənistan təhlükəsindən qorunmaq üçün bu iki respublikanın başqa çıxış yolu da yoxdur. Fikrimcə, Azərbaycan-Gürcüstan münasibətlərinə gələcəkdə yalnız iki amil xələl gətirə bilər – Cavaxetiyadakı ermənilər və gürcü məmurlarının Boprçalıdakı soydaşlarımıza qarşı etinasız davranışı”.
Politoloqun sözlərinə görə, “Gürcüstandakı soydaşlarımız siyasi cəhətdən bir qədər fəal olmalıdır və hüquqlarını yaxşı müdafiə etməyi bacarmalıdırlar ki, ciddi problemlərlə üzləşməsinlər. Bunun üçün onlar vətəndaş cəmiyyəti qurumlarında birləşməlidirlər ki, daha mobil şəkildə davrana bilsinlər”.
Natiq
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05