Əkbər Hacıyevin ilginc ixtisar əməliyyatı
13:06 24-10-2012
İQTİSADİYYAT
Əkbər Hacıyevin ilginc ixtisar əməliyyatı
"Azəriqaz"da olduqca qaranlıq proseslər gedir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyində narazılıqların ard-arası kəsilmir. Əkbər Hacıyevin rəhbərlik etdiyi qurumda indi də işçiləri qondarma səbəblərlə işdən uzaqlaşdırmağa başlayıblar.
Artıq bu məsələ ilə bağlı şikayətlər də başlayıb. "Deyirlər, Dövlət Neft Şirkətinin bir neçə ay əvvəl ixtisara düşmüş qazmaçılarını qaz idarələrinə yerləşdirəcəklər, ona görə də ştatları boşaldırlar" - bunu Siyəzən qaz idarəsinin işçisi Abuzər Məmmədov deyib.
O, ünvanladığı şikayətdə qeyd edib ki, adı işlədiyi idarədə tərtib olunmuş ixtisar olunacaq işçilərin siyahısına düşüb: "53 yaşım var, üçüncü qrup əliləm, gözümdə qüsur var. Ancaq bunun işimə heç bir maneçiliyi yoxdur və mən işimin öhdəsindən lazımınca gəlirəm. Adım işdə sənədlərdə çilingər kimi qeyd olunsa da özüm nəzarətçi işləyirəm. Qapı-qapı düşüb sayğaclardakı göstəricilərin qeydiyyatını aparıram. "VTEK" rəisi mənim əlilliyim ilə bağlı rəy yazıb, işlədiyim idarəyə göndərib ki, fəhlə kimi işləyə bilər. İndi rəisimiz də məni incidir, deyir get "VTEK" rəisinə de yazsın ki, fəhlə kimi yox, çilingər kimi işləyə bilərsən. "VTEK" rəisi isə məni başa salır ki, rəisin səni ələ salır".
Abuzər Məmmədov deyib ki, işlədiyi qaz istismar sahəsində onun kimi daha bir neçə 2 və 3-cü qrup əlilləri var ki, onların da adı ixtisar olunacaq işçilərin siyahısındadır: "Məsələn, biri xadimədir, rəis deyir sən ixtisara düşəcəksən, əlilsən, ağır təsərrüfatda işləyə bilməzsən. Hansı ki, otaq süpürmək nə vaxtdan ağır təsərrüfatlı iş hesab olunub? Deyirlər ki, bizi işdən çıxarıb, Neft Şirkətinin işdən çıxarılmış qazmaçılarını bizim yerimizə işə götürmək istəyirlər".
Doğrudur, qarşı tərəf bu şikayətdə özünə yer alan iddiaları rədd dir, belə ki, "Azəriqaz"ın Siyəzən rayon qaz istismar sahəsinin rəisi Faiq Nəsibullayevin sözlərinə görə, nə işdən çıxarılan var, nə də işə götürülən: "Səhv informasiyadır. Qətiyyən belə şey yoxdur, mən bilmirəm o işçi həmin informasiyanı haradan əldə edib. Mən sahə rəisi ola-ola bu qədər informasiyalı deyiləm. Bizdə bütün ştatlar dolub və vakansiya yerimiz yoxdur. İxtisardan da söhbət gedə bilməz".
Amma "Unikal" olaraq bizə daxil olan məlumatlara görə, "Azəriqaz"ın yerli strukturlarında və bir çox başqa müəssisələrində ixtisara salınacaq işçilərin siyahısının tərtib edilməsi prosesi gedir: "Həmin siyahıya isə orta yaş həddini keçmiş, sağlamlığında ən cüzi problem olan və s. bu qəbildən işçilərin adları daxil edilir. Məqsəd isə ARDNŞ-də aparılacaq ixtisarlar zamanı çoxsaylı işçilərin bir çoxunu məhz "Azəriqaz" strukturlarına yerləşdirməkdir".
Xatırladaq ki, hələ bu ilin yayında ölkə KİV-i yazıb ki, ARDNŞ-də kütləvi ixtisarlara başlanacaq. Məlumatlarda deyilirdi ki, adı açıqlanmayan beynəlxalq audit şirkəti ARDNŞ-dəki yoxlamalardan sonra şirkətin işçilərinin ixtisara salınmalı olduğunu bildirib. Və bundan sonra 72 minlik işçi ordusu olan ARDNŞ bir sıra müəssisələrində kütləvi ixtisara hazırlığa start verilib.
Bu yaxınlarda isə ARDNŞ-dən bildirilib ki, qurumda minlərlə işçinin ixtisarına hazırlıq gedir, buna səbəb isə Dövlət Neft Şirkətinin xərclərini azaltmaqdır.
İndi belə çıxır ki, ARDNŞ-də ixtisar ediləcək işçilər "Azəriqaz"da çalışanların yerini dar etməyə başlayacaq.
Hər halda istər bəzi işçilərin ünvanladıqları şikayətlərdə, istərsə də redaksiyamıza daxil olan məlumatlarda səsləndirilən iddiaların nə qədər doğru olub-olmadığını yaxın zaman göstərəcək. Odur ki, gözləyək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00