Diasporla İş üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdən əvvəl Komitənin kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyevin Diasporla İş üzrə Dövlət Komitəsindəki büstü önünə tər çiçəklər düzülüb.
Komitədə keçirilən anım mərasimində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov ulu öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrdə ölkəmizin iqtisadi tərəqqisi yüksək həddə çatıb, Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz qazanıb, beynəlxalq səviyyədə tanınıb.
Qeyd olunub ki, "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən ümummilli lider yürütdüyü siyasətlə dünya azərbaycanlılarının liderinə çevrilib.
Azərbaycanın milli bayramları sırasında bir möhtəşəm tarixin – “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün də yer alması məhz dahi şəxsiyyətin böyük siyasi kursunun məntiqi nəticəsidir.
Komitə sədri Heydər Əliyev strategiyasının hazırda da uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil təşkilatlanması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütəmadi tədbirlər görülür.
Çıxış edənlər diqqətə çatdırıblar ki, Heydər Əliyevin dünya azərbaycanlılarını birləşdirmək ideyası bu gün də uğurla davam etdirilir.
Sonda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.