Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı tədbirləri bu gün Abşeron rayonunun Saray qəsəbəsində davam etdirilib. Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınmış və müasir tələblərə uyğun yaşayış şəraitinə malik 27 mənzil bu kateqoriyalardan olan vətəndaşlara təqdim edilib.
Unikal.org xəbər verir ki, təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev iştirak edib. H.Abdullayev bildirib ki, ötən il şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il 50 faiz çox olmaqla onlara 934 mənzil verilməsi nəzərdə tutulub və artıq böyük əksəriyyəti verilib.
İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7235 mənzil və fərdi ev təqdim edilib. Eyni zamanda, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlilinə avtomobil verilibsə, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb və artıq 500-ə yaxın avtomobil təqdim edilib. Ümumən isə indiyədək müharibə əlillərinə 6465 minik avtomobili verilib.