9 fevral 2020-ci ildə Azərbaycanda ölkənin Milli Məclisinə növbədənkənar seçki keçiriləcək. Ali qanunverici orqanda respublikanın ən vacib sənaye mərkəzlərindən biri - Sumqayıt şəhərini dörd parlamentari təmsil edəcək.

Unikal.org xəbər verir ki, bu şəhərdən Milli Məclisə seçkilərdə namizəd olacaq hakim Yeni Azərbaycan Partiyasının nümayəndələrinin adları məlum olub.

Bunlar:

Hicran Hüseynova – Milli Məclisə 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizəd olacaq;

Tahir Mirkişili – parlament seçkilərində iştirak üçün 42 saylı Sumqayıt ikinci seçki dairəsindən ərizəsini təqdim edib; 

Emin Hacıyev – parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə iştirak edəcək;

Müşfiq Məmmədli – Mərkəzi Seçki Komissiyasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə namizəd kimi qeydiyyatdan keçib. 

Emin Hacıyev partiya yoldaşlarından fərqli olaraq, parlament seçkilərində ilk dəfə iştirak edəcək. O, 1982-ci ildə Sumqayıtda anadan olub. 1998-ci ildə Sumqayıt şəhər 5 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 

2003-cü ildən – hələ Azərbaycan Dövlət İqtisad Universitetində təhsil aldığı dövrdən Yeni Azərbaycan Partiyasının üzvüdür. Universitetin Tələbə Həmkarlar İttifaqının sədr müavini kimi yüzlərlə tələbənin Yeni Azərbaycan Partiyasının ideyaları ətrafında birləşərək, partiya üzvlüyünə qəbulunda iştirak edib. 

2008-ci ildə Memarlıq və İnşaat Universitetində doktorantura təhsilini başa vuraraq iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını qazanıb. 

2006-cı ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009-cu ildən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) idarə heyətinin üzvü və məsul katibidir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Azərbaycan diasporunun güclənməsində və azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirakının təmin olunmasında böyük rol oynayır. Emin Hacıyev Rusiya ictimaiyyətinin Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həqiqi kökləri, 1992-ci ilin Xocalı soyqırımı, erməni təcavüzü nəticəsində öz evlərindən didərgin düşən azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları, həmçinin, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı düzgün məlumatlandırılmasına yönəlmiş AMOR layihələrinin həyata keçirilməsində fəal iştirak edib.

Diaspor fəaliyyətinin inkişafına və xalqlar arasındakı dostluğun möhkəmləndirilməsindəki xidmətlərinə görə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

E.Hacıyevin seçkiqabağı siyasi platformasına sosial-iqtisadi inkişafın təmin edilməsi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai və dövlət maraqlarının qorunması daxildir.

Deputatlığa namizəd, həmçinin, Sumqayıtın turizm potensialının inkişafını, şəhərin mehmanxana və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini vacib hesab edir.

E.Hacıyev seçiləcəyi halda öz seçicilərinin problemlərinin həllində yaxından iştirak edəcək, onlarla mütəmadi olaraq onlayn ünsiyyət quracaq. O, Sumqayıtın orta, orta ixtisas məktəblərində, peşə və ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılmasını vacib sayır, şəhər kitabxanalarının kitab fondlarının və elektron resurslarının genişləndirilməsi üçün addımlar atmağı planlaşdırır. 

Deputatlığa namizəd, həmçinin, gənclərin məşğulluğunun təmin edilməsinə, işsizlik səviyyəsinin azaldılmasına və yeni iş yerlərinin açılmasına yönəlmiş proqram və layihələrin qəbulu, həyata keçirilməsi üçün təkliflər irəli sürülməsini özünün əsas vəzifələrindən biri kimi görür. O, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması mövqeyindən çıxış edir.

E.Hacıyev Milli Məclisin deputatı kimi Dağlıq Qarabağ münaqişəsi, o cümlədən, 1988-ci il Sumqayıt hadisələri haqqında düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılmasını, erməni yalanlarının və miflərinin ifşa edilməsini özünün əsas vəzifələrindən biri hesab edir. 

“Sumqayıtın hər bir sakininin - müəllimin, həkimin, sahibkarın, əlilin, şəhid ailəsinin, dövlət qulluqçularının və s. problemlərinin həlli üçün səylərimi əsirgəməyəcəyəm”, - E.Hacıyev vurğulayıb. 

Seçkilərdə iştirak edən namizəd fevralın doqquzuna təyin edilmiş növbədənkənar parlament seçkilərini Azərbaycan üçün mühüm siyasi hadisə hesab edir. E.Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün ən sürətli inkişaf edən dünya ölkələrinin sırasına daxil olmaqla, öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. O, əmindir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına xidmət edəcək. 

E.Hacıyev Yeni Azərbaycan Partiyasında respublikanın ali qanunverici orqanında partiyanı təmsil etməklə bağlı ona göstərilən etimadı doğrultmağa hazırdır.