"Ötən ilin dekabrın 28-də Kürdəmir şəhərində 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan məcburi köçkünlər köçürülüb. Bundan başqa, ətraf rayonlarda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrdən də burada mənzillə təmin edilənlər var".
Bu barədə Unikal.org-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kürdəmirdə köçürülmənin başlandığı ilk obyektlər peşə liseyinin inzibati binası və iki yataqxanası olub: "Bu obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrdən 135-nə yeni yaşayış kompleksində mənzil verilib. Mövcud qaydaya əsasən, 4 ailəyə mənzil verilməyib. Həmin ailələrə yeni mənzilin verilməməsi onların mövcud əmlak və status vəziyyəti ilə əlaqədar olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir daha bəyan edir ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən ədalət və şəffaflıq prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Həmin Qaydanın 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir.
Bundan başqa, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.2. bəndinə əsasən, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir".