Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair konfransda Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası sahəsində qarşıdan duran vəzifələrə həsr olunan müşavirə keçirilib.
Bu barədə Unikal.org-a nazirlikdən məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin güclü sosial siyasəti sayəsində ölkədə sosial inkişaf sahəsində də ardıcıl və ciddi irəlilləyişlərin əldə olunduğunu vurğulayıb.
Nazir bildirib ki, xüsusilə ötən il dövlət başçısının təşəbbüsü və tapşırığı ilə əmək haqları və pensiyalarda, müavinət və təqaüdlərdə, ümumilikdə əhalinin 42 faizini əhatə edən sosial ödənişlərdə artımların edilməsi istiqamətində inqilabi addımlar atılıb. Bu böyük vəsait tələb edən geniş miqyaslı islahatlar cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandığını, eyni zamanda, dövlət başçısının siyasətinə uyğun olaraq, uğurlu iqtisadi islahatlardan əldə olunan gəlirlərin bütünlüklə əhalinin rifahına yönəldildiyini bir daha təsdiq etdi.
S.Babayev konfransda Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri ilə bağlı verilmiş tapşırıqların yüksək səviyyədə icrasının nazirliyin əsas fəaliyyət prinsipləri olduğunu diqqətə çatdırıb.
Müşavirədə həmin tapşırıqlara uyğun olaraq yeni “DOST” mərkəzlərinin yaradılması, bu il şəhid ailələri və müharibə əlillərinə ən azı 1500 mənzilin təqdim edilməsi, özünüməşğulluq proqramının daha da genişləndirilməsi, ödənişli ictimai iş yerləri üzrə nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Habelə iş yerlərində qeyri-formal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının qorunması istiqamətində fəaliyyətin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrə əlçatanlığının və proqramın əhatə dairəsinin artırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd edilən sahələrdə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub və aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 40 minə yaxın ödənişli iş yerinin açılması işsizliyin azaldılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı yolu ilə onların rifahına dəstək verilməsində xüsusi əhəmiyyəti olan sosial layihədir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə ciddi nəzarətin həyata keçirilməsi və şəffaflığın təmin edilməsi nazirliyin başlıca vəzifələrindən olacaq. Müşavirədə bununla əlaqədar xüsusi monitorinq qrupunun yaradılması da qərara alınıb.