“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Unikal.org-un məlumatına görə, iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 2019-cu ilin əlamətdar hadisələrlə zəngin olduğunu xatırladaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratdığını bildirib. Dövlət başçısının əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2019-cu ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq 2020-ci ildə görüləcək işlər, həmçinin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin tapşırıqlarından irəli vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, 2020-ci ildə şəhər və rayon mərkəzlərində layihələrin icrası davam etdiriləcək. Cari ildə içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq, modul tipli sutəmizləyici qurğular vasitəsilə su alan kəndlərin içməli su təchizatı xüsusi diqqətdə saxlanılacaq. Bu il Bakı şəhəri və Abşeron yarımadasında da yeni layihələrin icrası nəzərdə tutulur.