“Azərişıq” ASC fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Unikal.org-a verdiyi məlumata görə, “Azərişıq” seçki günü bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.
T.Mustafayevin sözlərinə görə, artıq bununla əlaqədar bütün texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb: “Bütün seçki məntəqələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətlilik sistemi yaradılıb. Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq”.
“Azərişıq” rəsmisi abunəçilərə də müraciət edərək qarşılaşdıqları qəza və kəsinti ilə bağlı çağı mərkəzinə müraciət etmələrini xahiş edib: “Azərışığ”ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi mövcuddur. İstehlakçılarımızdan xahiş edirik ki, qarşılaşdıqları qəza və kəsinti halları ilə əlaqədar həmin çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.