Bakıda Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib.
Unikal.org xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə komissiyanın həmsədri, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Koreya nümayəndə heyətinə isə komissiyanın həmsədri, Koreya Respublikası Ticarət, Sənaye və Energetika nazirinin müavini Park Kiyounq rəhbərlik edib.
İclasda Azərbaycanın neft ixracından asılılığı azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.
Bildirilib ki, Koreya Respublikası iqtisadi əməkdaşlıq baxımından Azərbaycan üçün prioritet ölkədir. İki ölkə arasında əməkdaşlıq xüsusilə infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə inkişaf edir. Azərbaycan tərəfi Koreyanın etibarlı tərəfdaş ölkə olduğunu və iqtisadi əlaqələrin genişləndirilməsinin hər iki ölkə üçün ümumi məqsəd olduğunu vurğulayıb. Həmçinin, Azərbaycanda dövlət maliyyəsi hesabına həyata keçirilən irimiqyaslı layihələrdə Koreya şirkətlərinin iştirakı məmnunluqla qeyd olunub və qeyri-neft sektoru və sosial sahələr üzrə Koreya sərmayələrinin artırılmasının vacibliyi bildirilib.
Hər iki ölkədə keçirilən sərgilər, yarmarkalar, konfranslar, biznes-forumlar və digər tədbirlər barədə məlumat mübadiləsinin aparılması məqsədilə ölkələrin iş adamları üçün biznes-forumların təşkili, həmçinin biznes tərəfdaşlarının tapılmasında qarşılıqlı dəstəyin göstərilməsi təklif olunub.
Bildirilib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın əsas ticarət tərəfdaşıdır.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci görüşünün yazısı imzalanıb.