Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

Bu barədə Unikal.org-a şuradan məlumat verilib. 

İclasda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanununun qəbul olunması ilə əlaqədar "Televiziya və radio yayımı haqqında" qanunda edilən dəyişikliklər müzakirə olunub. 

"Televiziya və radio yayımı haqqında" qanunun 33-cü maddəsində edilən son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi "Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" hüquqi qüvvəsini itirdiyindən şuranın qərarı ilə ləğv olunub. 

İclasda, həmçinin, “TV Texservis” MMC-nin “ATV Plyus” MMC-yə birləşməsi ilə əlaqədar olaraq Milli Televiziya və Radio Şurası tərəfindən “TV Texservis” MMC-yə verilmiş kabel şəbəkəsi yayımı üçün 18 mart 2016-cı il tarixli lisenziyanın və “TV Texservis” MMC-nin istifadəsinə ayrılmış efir yayım tezliklərinin onun hüquqi varisi olan “ATV Plyus” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.