Bu gün Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Digah qəsəbəsində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Unikal.org xəbər verir ki, respublika ərazisində, o cümlədən Abşeronda həyata keçirilən quruculuq abadlıq işlərindən danışan İ.Gülməmmədova rayonda əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini qeyd edib. Abşeron sakinlərinin sayının surətlə artdığını, kənd və qəsəbələrin böyüdüyünü deyən İ.Gülməmmədova kommunikasiya xəttlərinin çəkilməsi və digər bu kimi istiqamətlər üzrə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi infrastrukturla təmin edilməsi istiqamətində addımların atıldığını söyləyib.
Sonra Abşeron RİH başçısının Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Rüstəmov və Digah bələdiyyəsinin sədri Vüqar Ələkbərov hesabat xarakterli çıxış edərək qəsəbə ərazisində görülən işlərdən danışıblar.
Daha sonra qəsəbə sakinləri çıxış edərək son illərdə aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür ediblər. Çıxışçılar qəsəbədaxili küçələrin abadlaşdırılmasında və telefon xəttlərinin çəkilməsində köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.