Azərbaycanda təxminən 100 fermerin dövlətdən subsidiya almaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) yanlış məlumat daxil etdiyi üzə çıxıb. 

Bu barədə Unikal.org-a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev məlumat verib. 

Onun sözlərinə görə, bunların təxminən 50-si artıq "qara siyahı"ya salınıb, qalan hissəsi ilə bağlı isə araşdırma aparılır. 

"Fermerlər bu məsələdə mənfi hallara yol verməsinlər, əks təqdirdə "qara siyahı"ya salınacaqlar. Məsələn, torpağı olan şəxs həmin ərazini müqavilə ilə hər hansı fermerə icarəyə verir və əkini də həmin adam aparır. Subsidiya almağa gələndə isə torpaq sahibi dövlətə müraciət edir. Bu isə düzgün deyil, subsidiya torpaq üzərində əkin aparan şəxsə verilməlidir", - deyə nazirlik rəsmisi qeyd edib.