“Yüksəliş” müsabiqəsi onlayn mərhələni geridə qoydu. Müsabiqədə potensialını lazımınca göstərə bilənlər artıq yeni imkanlara və təcrübələrə doğru yola çıxırlar. Təbii ki, bu uğurlu yolda namizədlərin ölkənin böyük təcrübəyə malik peşəkarları, şirkətlərin, dövlət qurumlarının rəhbərləri ilə görüşü baş tutacaq. Onlar əyani şəkildə idarəçi menecerlərin iş mühitində peşəkar tövsiyələrindən yararlanacaqlar.
Unikal.org xatırladır ki, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) toplanıb. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zakir İbrahimov həmin heyətin üzvləri sırasındadır.
Zakir İbrahimov bildirib ki, uğurlu idarəçi mütləq mənada qarşıya qoyulmuş hədəflərə nail olan şəxsdir: “Bu hədəflərə nail olmağın ilkin şərti yüksək nəticəli peşəkar komanda formalaşdırmaq bacarığıdır. Uğurlu idarəçi liderlik xüsusiyyətlərinə sahibdir, məsuliyyətlidir, qərar və məqsədlərinin doğru olduğunu tərəfdarlarına sübut etməklə özünə inam qazanmağı bacarır.
Uğurlu lider kompetensiyalıdır. Həvəsləndirməyi bacaran insandır. O, özünə inamı effektiv şəkildə ötürə bilir. Uğurlu idarəçi intellektualdır, strateji düşüncə bacarığına malikdir. O, böyük həcmdə informasiyanı toplayır, analiz və şərh edir, dəqiq nəticələr çıxarır. O, problemləri həll edir və doğru qərarlar verir”.
Zakir İbrahimov qeyd edib ki, əsas şərtlərdən biri də idarəçi rəhbərin uzaqgörən, eləcə də müxtəlif situasiyalarda ədalətli mühakimə vərdişlərinə sahib olmasıdır: “Uğurlu idarəçi yeniliklərə açıq, ideyaları qiymətləndirməyi bacaran, müasir yanaşmaları tətbiq etməklə işin səmərəliliyini artırmağa nail olan şəxsdir”.
Risketmə həvəsi və bacarığı idarəçidə vacib keyfiyyətlərdəndir
“AzerGold” QSC-nin sədri idarəçi olmaq istəyən şəxslərə fərdi inkişafla bağlı özünün də çox maraqla oxuduğu tanınmış sosioloq və jurnalist Malkolm Qladuelin “Dahilər və autsayderlər” kitabını tövsiyə edib. Kitabda peşəkarlığın ən yüksək səviyyəsinə mütəmadi təcrübə olmadan çatmağın qeyri-mümkünlüyü, uğurun sirrinin istedadda yox, yüksək işləmə bacarığında olduğu haqqında bəhs edilir:
“İdarəedici mövqeyinə yüksəlmək istəyən şəxslərə yüksək nailiyyət həvəsini daim artırmağı, ambisiyalı olmağı, fəaliyyətlərində yorulmadan təşəbbüskarlıq göstərməyi tövsiyə edirəm. İdarəçi olmağa iddia edən şəxslər daim öz üzərlərində işləməli, fərdi bacarıqlarını inkişaf etdirməlidirlər. İşgüzarlıq, məsuliyyətlilik, risketmə həvəsi və bacarığı, peşəkar ünsiyyət mədəniyyəti, iş vaxtının səmərəli bölüşdürülməsi, insanları düzgün qiymətləndirmə, əmək resurslarının səmərəli istifadəsi, rasionallıq peşəkar və uğurlu idarəçidə vacib keyfiyyətlərdir”.
Ölkənin ən irimiqyaslı müsabiqəsinin qaliblərinin də yüksək peşəkarlıq, üstün mənəvi keyfiyyətlərə malik idarəçilər olacağına əminliyini ifadə edən Zakir İbrahimov “Yüksəliş” müsabiqəsindən böyük gözləntilərinin olduğunu deyib:
“Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət idarəetmə sistemi yeni bir mərhələyə qədəm qoyub. İdarəetmə sisteminin ən vacib elementi olan kadrların seçilməsi dövlət başçısının müvafiq sərəncamı ilə ənənəvi üsullardan tamamilə fərqli bir mexanizm əsasında həyata keçirilir. Yeni mexanizm ölkənin bütün vətəndaşlarına dövlət idarəçiliyində təmsil olunmaq üçün bərabər imkanlar yaradır. “Yüksəliş” müsabiqəsinin təşkili ölkədə gənclərin karyera qurmasına dəstək və kadr ehtiyatı bankının yaradılması baxımından olduqca faydalı təşəbbüsdür. Bu müsabiqənin yekununda əminəm ki, qeyri-neft sənayesinin əsas tərkib hissələrindən biri olan dağ-mədən sahəsinin də faydalana biləcəyi bacarıqlı, işgüzar və layiqli yeni kadrlar üzə çıxarılacaq. Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar arzu edirəm”.