Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Fariz Ələkbərov və Bağçılıq kafedrasının dosenti Məhsəti Ələkbərova Türkiyənin Ərzurum şəhərində keçirilən “Yerli idarəetmə orqanlarının 6-cı Beynəlxalq Kənd Təsərrüfatı Konfransı”nda (6-cı Uluslararası Yerel Yönetimler Tarım Kongresi)” iştirak ediblər.

"Unikal" xəbər verir ki, Ərzurum şəhərində baş tutan 6-cı Beynəlxalq Kənd Təsərrüfatı Konfransında müxtəlif ölkələrdən üzv olan yerli bələdiyyələr, aqrar sektorda çalışan iş adamları və müxtəlif universitetlərdən olan aqrar tədqiqatçılar iştirak ediblər.

Tədbir çərçivəsində su resurslarının səmərəli idarə edilməsi, aqrar sahədə iqlim dəyişiklikləri üzrə risklərin idarə edilməsinə dair qabaqcıl təcrübələr, dayanıqlı kənd təsərrüfatı və bu istiqamətdə bələdiyyələrin icra etdiyi uğurlu layihələr, halal qida və standartlar və s. mövzularda maraqlı təqdimatlar dinlənilib, panel müzakirələri keçirilib və ADAU əməkdaşları həmin müzakirələrdə fəal iştirak ediblər.