Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev  son vaxtlar dünyada baş verən proseslərin Azərbaycana təsir göstərməyəcəyini, eləcə də ölkədə sosial layihələrdə fasilələr və ya təxirəsalınma gözlənilmədiyindən bəhs edən yazı yazıb.

Unikal.org həmin yazını təqdim edir:

Yaşadığımız rəqəmsal, yaxud informasiya əsrində qloballaşan dünya iqtisadi proseslərə təhlükə hesab oluna biləcək istənilən kənar amilə olduqca həssas reaksiya göstərir. Neft ixrac edən dövlətlərin hasilatın həcmi ilə bağlı anlaşma əldə edə bilməmələrinin nəticəsi olaraq martın 9-da dünya bazarlarında “qara qızıl”ın qiymətinin kəskin aşağı düşməsi bu tendensiyanın bariz nümunəsidir. İndi bazarlarda izlənən qiymət dəyişikliklərinin əhali tərəfindən təlaşla qarşılanması isə təbii prosesdir. Çünki informasiya inqilabı erasında məlumat mənbələrinin çoxluğu və rəngarəngliyi, eyni zamanda, heç də həmişə obyektiv olmayan informasiya məkanının dominantlığı sıravi vətəndaşın sabah barədə narahatlığını məntiqi və labüd edir.

Azərbaycan dünyanın bir parçasıdır, özü də iqtisadi cəhətdən aktiv hissəsidir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatı ilə sıx təmasdadır. Ölkəmiz xüsusilə Avropa qitəsinin enerji təhlükəsizliyi arxitektirasında ciddi söz sahibi və etibarlı tərəfdaşdır. Bu baxımdan, Azərbaycan vətəndaşı dünyada baş verən iqtisadi dəyişikliklərə - maliyyə böhranı, yaxud enerji daşıyıcılarının qiymətindəki dəyişikliklərə çevik reaksiya vermək məcburiyyətindədir. Bir neçə gündür əhalinin bir qisminin milli valyutamızın xarici valyutaya nisbətdə ucuzlaşacağı və qiymətdən düşəcəyinə dair narahatlığı bu prosesin məntiqi təzahürlərindən biridir.

Belə bir şəraitdə şübhə yoxdur ki, ilk vəzifə və atılmalı olan addım sıravi vətəndaşın mövcud vəziyyət və dövlətin iqtisadi imkanları barədə tam və operativ məluatlandırılması olmalıdır. Bu müstəvidən çıxış etsək, əminliklə deyə bilərik ki, hökumətin neftin ucuzlaşması ilə dünya bazarında yaranan yeni vəziyyətə çevik münasibəti tədqirəlayiqdir. Vaxt ötürmədən, dərhal Nazirlər Kabinetinin Baş nazirin rəhbərliyi ilə bir araya gəlib mövcud durumu analiz, lazım gəldiyi halda atılacaq addımları anons etməsi onu göstərir ki, vətəndaşın təlaşına ciddi və köklü əsas yoxdur və iqtisadi durum dövlətin nəzarətindədir.

Qeyd etmək lazımdır ki, neft ixracatçıları arasındakı qiymət anlaşılmazlığının mənbəyi bir neçə aydır dünya üçün ən aktual problemə çevrilmiş koronavirus, yaxud COVİD-19 virusudur. Əvvəl Çin, hansı ki, hazırda dünya iqtisadiyyatının “döyünən ürəyi”dir, - sonra isə faktiki olaraq bütün dünyanı ağuşuna almış bu virus coğrafiyasını genişləndirdikcə, zamanla ciddi iqtisadi və təbii ki, siyasi problemə çevrilməli idi. Təsəvvür etmək çətin deyil: ölkələrin sənayesi staqnasiya vəziyyətinə düşüb, böyük istehsal sahələri fəaliyyətlərini dayandırıb, iqtisadi, logistik əlaqələr dondurulub. Belə bir şəraitdə aydındır ki, enerji daşıyıcılarına ehtiyac qat-qat aşağı düşməlidir. Tələbat aşağı düşürsə, özünü təklifdə və qiymətdə mütləq büruzə verməlidir. Bu nöqteyi-nəzərdən çıxış etsək, deyə bilərik ki, virusla bağlı böhran uzunmüddətli olmamalı və müvəqqəti xarakter daşımalıdır. Onun təsiri minimallaşdıqca, iqtisadi münasibətlərin bərpası və əvvəlki həddə çıxmasını gözləmək olar.

 

 

Digər tərəfdən, əgər biz izlənən qiymət enişi fonunda milli iqtisadiyyatımıza, ehtiyatlarımıza və hökumətin tədbirlər planına nəzər salsaq, görərik ki, əhalinin narahatlığı üçün əsas yoxdur. Məsələn, Milli Bankın neftin qiymətinin bir barrel üçün 35-40 dollar həddinə hesablanmış ehtiyat planı var. Məzənnədə dəyişiklik olmasın deyə, tədbirlər görülür, deməli, bu faktorun inflyasiyaya təsiri  gözlənilmir. Bir məqamı xüsusilə qeyd etmək lazımdır: Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 56,6 faizi qeyri-neft sektorunun payına düşür. Yəni Azərbaycan iqtisadiyyatının yarıdan böyük hissəsi artıq neftdən asılı deyil. Bu ilin iki ayının göstəricilərinə əsasən, qeyri-neft sektorunda 6,7 faizlik artım tempi qeydə alınıb. Bu o deməkdir ki, büdcənin ən azı qeyri-neft sektorundan gələn qismində azalma olmayacaq. İlin ilk iki ayında tək Vergilər Nazirliyinin xəttilə 180, Gömrük Komitəsinin xətti ilə isə 70 milyon manat proqnozdan artıq vəsait büdcəyə daxil olub.

Büdcənin qalan hissəsi neftdən gələn gəlirlər hesabına formalaşır. Dövlət Neft Fondu bu hissənin ən iri donorudur. Bu il büdcəyə 11 milyard 350 milyon manatın transferi gözlənilir. Bu, Dövlət Neft Fondunun ehtiyatlarının 15 faizidir. Bu o deməkdir ki, hətta bu templə belə fond büdcəyə 7 il problemsiz köçürmə edə bilər. Hesablamalara görə, əgər neftin qiyməti dünya bazarlarında 40 dollar olarsa, dövlət büdcəsinin gəlirlərində cəmi 1,6 faiz azalma müşahidə oluna bilər. Bu prizmadan Neft Fondunun gəlirlərinə baxsaq, söhbət təqribən 3 milyard manatdan gedir. 3 milyard manat Neft Fondunun ehtiyatlarının təqribən 4 faizidir.

Hökumətin məlumatlarına görə, iqtisadiyyatın hazırki vəziyyəti 2014-cü ildə başlanan qlobal maliyyə böhranı dövründən dayanıqlıdır. İlin ilk iki ayında qeyri-neft ÜDM-i 6,7, ÜDM isə 2,8 faizlik artım göstərib. Ötən ilin iqtisadi yekunlarına əsasən, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100 faizini ötür və xarici borclarımızı düz 6 dəfə üstələyir.

İqtisadi göstəricilər deməyə əsas verir ki, vəziyyətin neqativ ssenari ilə inkişafına dəlalət edən ciddi arqument mövcud deyil. Hökumət situasiyanın nəbzini tutub, ehtiyat planı var, preventiv tədbirlər görülür, sosial layihələrdə fasilələr və ya təxirəsalınma gözlənilmir, üstəlik, dünya bazarlarındakı böhranın mənbəyinin qeyri-iqtisadi səbəb olması, onun müvəqqətiliyinə dəlalət edir. Belə bir şəraitdə qarşıda duran əsas vəzifə əhalinin iqtisadi maarifləndirilməsi olmalıdır ki, bu missiya hökumətlə yanaşı, Milli Məclis, xüsusilə parlamentin iqtisadi blokunun da fəaliyyət sferasına aid məsələdir.