“Dünyadan fərqli olaraq, ölkəmizdə pandenmiya vəziyyəti deyil”.
Unikal.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, ölkədə bir çox kütləvi tədbirlər, toy mərasimləri, idman mərasimləri qadağan olunur: “Dəfnlər istisna ilə, qapalı məkanlarda yas mərasimləri qadağan olunur. Marketlər, mağazalar öz fəaliyyətlərini davam etdirəcək, kafe və restoranlarda şənliklər qadağan edilir”.
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri qeyd edib ki, xüsusi rejimə tətbiq etmək bütün vətəndaşlardan tələb olunur: “Xüsusi rejimə riayət etməyənlərə qarşı tədbirlər görüləcək. Biz başqa ölkələrlə müqayisədə nisbi əlverişli vəziyyəti qoruyub saxlamaq üçün qabaqlayıcı tədbirlər görürük. Bəzi ölkələr zamanında qətiyyətli tədbirlər görmədiyinə görə o ölkələrdə vəziyyət pandemiya xarakteri alıb, vəziyyət nəzarətdən çıxanda tədbirlər görməyə başlayıblar. Bizim ölkəmiz isə hadisələri qabaqlamaq strategiyası tətbiq edir”.
İ. Məmmədov nəzərə çatdırıb ki, KİV-lərdən bu məsələyə daha çox oxuyucu, tamaşaçı yığmaq prinsipi deyil, ölkəmizin təhlükəsizliyi ilə yanaşsınlar: “Bu məsələdə dezinformasiyalar, anonim mənbələrə istinadən ajiotaj yaratmaq cəhdləri olacaqsa, hüquq-mühafizə orqanları tədbirlər görəcək. Bir məsələni də qeyd edim. Bir sıra ölkələrdə təhsil dayandırıldığı üçün tələbələr Azərbaycana qayıdır. Ümumiyyətlə, indiyə hadisələri qabaqlamaq üçün xüsusi rejimə keçilib”.