“Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri ilə bağlı zamanında atılmış ddımdır. Bu səbəbdən də bu qərarı təqdir etmək və onun btün tələblərini yerinə yetirmək lazımdır”.
Bu fikirləri Unikal.org-a açıqlamasında millət vəkili Arzu Nağıyev səsləndirib. Onun sözlərinə görə, xaotik vəziyyətdən istifadə edərək, istər sosial şəbəkə, istər KİV-də prosesi hərə özünə xas tərzdə şərh etməyə başlamışdı və bu da ciddi problemlərə yol aça bilərdi: “Bunun nəticəsində cəmiyyətdə müəyyən panika yayılmışdı ki, guya ölkədə vəziyyət kritikdir. Əslində isə real vəziyyət elə deyil. Dünya praktikasında da təklükəsizliyin qarşısının alınması üçün dövlət tərəfində müvafiq addımlar atılır. Milli və dövlət təhlükəsizliyinə təhdid ola biləcək ən mühüm amillərdən biri də koronavirusdur. Ona görə də bunun qarşısının aınması üçün yaradılmış operativ qərargahın verdiyi qərarın hər bir detalı Azərbaycan vətəndaşı tərəfindən yerinə yetirilməlidir. Hazırda xüsusi rejim tətbiq olunub. Hər bir vətəndaş bu rejimin şərtlərinə qanun kimi əməl etməlidir. Hər hansı bir məhdudiyyət qoyulubsa, deməli, bu, zərurətdən doğub. Mühüm məqamlardan biri odur ki, bu virus Azərbaycanın özündən qaynaqlanmır, xaricdən gəlir. Ona görə də istər sərhədlərin bağlanması məsələsi, istər tranzit yüklərin daşınmasında müəyyən qaydaların tətbiq olunması vacibdir. Ən mühüm məsələ insan sağlamlığıdır. Ona görə də müəyyən müddətdə istər mədəni, istər idman və digər kütləvi tədbirləri ertələmək olar. Paralel olaraq, dizinfeksiya işləri də aparılmalıdır”.
A.Nağıyev mövcud durumda sosial şəbəkə və medianın fəaliyyətinin necə qurulması, təbliğat işlərinin aparılmasına da toxunub:
“İstər sosial şəbəkədə, istər media orqanlarında hər bir açıqlamanın arxasında istinad olmalıdır. İnformasiya siyasəti xaotik şəkildə olsa, qarışıqlıq yarana bilər. KİV rəsmi məlumatları cəmiyətə çatdımalıdır. Təsdiqlənməmiş, reallıqdan uzaq məlumatların yayılması digər problemlərə yol aça bilər. Bu bizim genefondumuza qarşı olan təhdidin qarşısının alınması tədbiridir, hər kəs mövcud durumun həssaslığını nəzərə alıb ona uyğun hərəkət etməlidir”.
Murad İbrahimov