“Koronavirusun yayılmasının ilk mərhələsində ÜST dövlətlər və onların vətəndaşları üçün bir sıra tövsiyə xarakterli qaydalar hazırlayıb. Virusun yüksək keçiricilik xüsusiyyətini nəzərə alaraq əsas tövsiyələrdən biri insanların olduqları yerdə fərdi karantin rejimində qalması, səyahət etməməsi və mümkün qədər az insanla təmasda olmasıdır. ÜST-nin qənaətinə görə səyahət edərkən insanın koronavirusa yoluxma riski çox yüksək olur.Buna görə də xaricdə təhsil alan tələbələri bir müddət olduqları ölkədə gözləməyə çağırıram”.
Bu fikirləri Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib. Onun sözlərinə görə, virusun yayıldığı ölkənin hüdudlarını tərk edən insan özü belə bilmədən potensial virus daşıyıcısına çevrilə bilər:
“Bildiyimiz kimi koronavirus dünyanın əksər ölkələrini əhatə edir.Avropa, Amerikada, Çində və digər ölkələrdə bu virusa görə insanlar təşviş içərisindədir.Bizim çoxlu sayda tələbələrimiz xarici ölkələrdə təhsil alırlar.Öncə onu qeyd edim ki, bununla bağlı prezident tərəfindən qəti tapşırıqlar verilib.Nazirlər Kabineti yanında Xüsusi Qərargah yaradılıb.Azərbaycan dövləti öz üzərinə düşəni layiqincə edir ki, ölkə ərazisində yoluxma halları artmasın.Statistik göstəricilərə nəzər salanda da görürük ki, bu işin öhdəsindən layiqincə gəlinir.Hökümət ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığını düşünür.Eyni zamanda xaricdə işləyən və təhsil alan vətəndaşlarımız da var. İndiki həssas məqamda yaxşı olardı ki, onlar bir müddətlik olduqları ölkədə qalsınlar. Qarşıdan Novruz bayramının yaxınlaşdığını nəzərə alaraq, Avropada təhsil alan bir çox tələbələrimiz vətənə qayıdaraq həm bayramı yaxınları ilə keçirmək, həm də oxuduqları ölkələrdə vəziyyətin düzələcəyini Azərbaycanda gözləmək istəyirlər. Lakin kompakt şəkildə geri qayıdaraq özlərini, yaxınlarını və digər həmvətənlərini riskə atmaqdansa, Azərbaycanın səhiyyə sisteminə əlavə yük yaratmaqdansa, onların öz evlərində qalması və yerli ölkənin karantin qaydalarına ciddi riayət etməsi daha yaxşı olar.Çünki ölkəyə qayıdan şəxslər heç nədən sığortalanmayıb.Ölkəyə qayıtmaq istəyən şəxslər arasında koronavirusa yoluxmuş şəxslər ola bilər.Onlar bura gəlməklə, özləri də istəmədən bu virusun yayılmasını sürətləndirə bilərlər.Təbii ki, bütün ölkəyə gələn şəxslər sərhəddə yoxlanılır.Xaricdən gələn şəxslər karantinə alınır.Orda müayinədən keçirilir.Karantin müddətindən sonra ailə üzvlərini və yaxınlarını görə bilir.Amma bütün bunlara baxmayaraq, tez yolukuxu bir virus olduğundan xaricdə olan şəxslərin bir müddət olduqları ölkədə gözləmələri daha məqsədəuyğun olar”.
Millət vəkili mövcud vəziyyətdə sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb:
“Belə bir halda insanları çaşdıran, yalan məlumat yayan şəxslərin əməllərinə hüquqi qiymət verilməlidir.Dünən Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bununla bağlı xəbərdarlıq etdi.Belə halların qarşısını almaq üçün addımlar atılacaq.Hər bir Azərbaycan vətəndaşını rəsmi məlumatlara inanmağa çağırıram. Nazirlər Kabineti yanında Operativ Qərargah rəsmi məlumatlar verir.Həmin məlumatlar yenilənir.Əhali arasındasosial şəbəkədə yalan məlumat yayan insanlar vətəndaşları çaşdırmağa çalışırlar.Bu gün ölkədə Azərbaycan höküməti ən vacib addımları atır.Bundan sonrakı dövrdə də marketlərdə heç bir qıtlıq olmayacaq.Bu bir başa dövlət başçısının nəzarəti olan məsələdir.İnsanlar sadəcə gündəlik olaraq gigiyenik qaydalara əməl etməli, qabaqlayıcı tədbirlər görməlidir”.
Famil Fərhadoğlu