“Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Lakin vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Buna görə də həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər”.
Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib. Millət vəkili əlavə edib ki, xaricdə təhsil alan tələbələri yaxınlarının sağlamlığını təhlükəyə atmamaq üçün karonavirus təhlükəsi sovuşana kimi olduqları ölkələri tərk etməməlidir:
“Bu gün koronavirus təhlükəsinə görə zəruri addımlar atılır.Bu məsələ ölkə başçısı cənab İlham Əliyevin diqqətindədir.Prezident tərəfindən əhalinin sağlamlığının qorunması üçün aidiyyatı orqanlara ciddi tapşırıqlar verilib. Bu gün ölkəmizdə koronavirus təhlükəsi lokallaşdırılıb.Ona görə də hər bir vətəndaş diqqətli olmalıdır. Azərbaycan müsbət mənada ailə dəyərləri və bağlarının, qohumluq münasibətlərinin yüksək olduğu bir ölkədir. İnsanlarımız öz yaxınlarına qarşı qayğıkeşliyi ilə seçilir, yaxınlarının problemlərinə görə narahatlıq hissi keçirirlər, bir-birilərinə dəstək göstərməyə çalışırlar. Bu, millətimizin ən gözəl xüsusiyyətlərindən biridir. Bizim mentalitetdə belə bir adət var ki, xaricdə təhsil alan və ya yaşayan övlad öz vətəninə geri qayıdarkən ilk növbədə öz ailəsi və qohum-əqrəbası ilə görüşür, ünsiyyətdə olur. İndiki məqamda xaricdə oxuyan tələbələrin valideynlərinin narahatlığı başa düşüləndir. Amma tələbələr və valideynlər onu da nəzərə almalıdırlar ki, İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyada ən qabaqcıl sistemlərdən hesab olunur.Ona görə də onların sağlamlığına xarici ölkələrdə biganə yanaşıla bilməz. Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür”.
Famil Fərhadoğlu