Məlum olduğu kimi, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 14 mart tarixdən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir. Konkret olaraq, bir ay müddətində kütləvi tədbirlərin keçirilməsi təxirə salınmış, restoran və kafelərdə iş rejimi saat 21.00-dək müəyyən edilmiş, eləcə də həmin vaxtdan sonra klub və barların fəaliyyətinə qadağa qoyulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlər dəstəklənir.
Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 21.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstəriblər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə həmin obyektlərin fəaliyyəti dayandırılıb, onların sahiblərinə bu məkanlar üçün müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyi izah edilib.
Vətəndaşlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri, bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icrası tələb olunur.