Bakıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 6 yeni modul tipli xəstəxananın tikintisinə başlanılıb. 

Unikal.org-un Xezerxeber.az-a istinadən məlumatına görə, belə xəstəxanalardan biri paytaxtın Hənifə Ələsgərov küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində tikilir.

Modul tipli xəstəxanaların qurulması tam başa çatdıqdan sonra bütün palatalar lazımi avadanlıqlarla təchiz ediləcək. 

Hazırda ölkə ərazisində 22 xüsusi rejimli xəstəxanada virusa yoluxanların müalicəsi həyata keçirilir. Modul tipli xəstəxanalar da infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün qurulur.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə dövlət büdcəsindən 14.8 milyon manat pul ayrılıb.