Azərbaycan Diasporuna Dəstək Fondu COVİD-19 yeni növ pandemiya səbəbiylə dünyada karantin rejiminin tətbiq olunduğu zamanda xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək məqsədilə silsilə konsert proqramları təşkil edir. Konsert proqramları dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin iştirakı ilə Fondun facebook sosial şəbəkə hesabı üzərindən canlı yayımlanacaq.

Unikal.org xəbər verir ki, ilk konsert proqramı ilə bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə və həyat yoldaşı, Vyana Konservatoriyasının məzunu, musiqiçi Karen Danger-Manafzadə aprelin 11-də, Bakı vaxtı ilə 22:00-da çıxış edəcəklər. Qeyd edək ki, Abuzər Manafzadə dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili almış ilk azərbaycanlı olmaqla yanaşı, eyni zamanda Linz şəhərində Anton Bruckner Universitetində piano üzrə magistratura təhsilinə yiyələnib.
Prezident təqaüdçüsü olan Ağarəhim Quliyev aprelin 13-ü, saat 18:00-da  Paris şəhərindən konsert proqramı ilə çıxış edəcək. Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi olan Ağarəhim Quliyev fleytada ifa edəcək. Ağarəhim Quliyev dünyanın ən nüfuzlu beynəlxalq musiqi müsabiqələrindən biri olan “Qızıl açarlar” müsabiqəsində fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb.
Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova   aprelin 16-ı, saat  22:00-da ABŞ-ın Nyu York şəhərindən fortepiano ifası ilə çıxış edəcək. Nərgiz Əliyarova Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısıdır. O, bir çox beynəlxalq müsabiqələrin laureatı, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti və Bakı Musiqi Akademiyasının dosentidir.
Tanınmış pianoçu Səidə Zülfüqarova 18 aprel 19:00-da Fransanın Paris şəhərindən növbəti konsert proqramı ilə çıxış edəcəkdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Səidə Zülfüqarova bir çox milli müsabiqələrin qalibi olmaqla yanaşı, IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil alıb və Fransa Dövlət Diplomuna layiq görülüb.
Proqram karantin müddətində davam edəcək.