İlqar Hüseynli: “Bu, çoxsaylı aztəminatlı ailənin maddi durumuna müsbət təsir göstərəcək”
Panepidemiya dövründə dünyanın hər yerində olduğu kimi Azərbaycanda da ən həssas təbəqə məhz aztəminatlı ailələr hesab olunur. Artıq illərdir ki, ölkəmizdə aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı edilir. Elə koronavirus infeksiyasının Azərbaycanda yayılması ilə əlaqədar da məhz bu zümrə diqqətdə saxlanıldı.
Məlum olduğu kimi, Nazirlər Kabineti aprelin 4-də "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nı təsdiq edib. Tədbirlər Planında məşğulluq və sosial rifaha dəstək istiqaməti də öz əksini tapıb. Bu istiqamətdə əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılması və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanmasıdır.Bunlarla yanaşı dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, qanunvericiliyə uyğun olaraq, ünvanlı sosial yardım ailəyə iki il müddətinə təyin olunur. Lakin indiki şəraitdə bu müddət bitdiyi halda, ailəyə yardımın verilməsi dayandırılmayacaq. Ailənin təkrar olaraq yardım üçün müraciət etməsinə ehtiyac qalmadan, eyni məbləğdə həmin yardımın xüsusi karantin rejimi dövründə də ödənişi davam edəcək.Belə ki, ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi nəzərdə tutulur. Yəni indiyədək ünvanlı sosial yardım alanların bəzilərinə yardımın verilməsinin vaxtı bitir. İndi bu yardımın verilməsinin vaxtı uzadılır. İlkin olaraq bunun 62 min vətəndaşı əhatə edəcəyi bildirildi.Artıq aztəminatı ailələrin ünvanlı sosial yardım proqramından faydalanmaq imkanlarının və proqrama əlçatanlığının artırılması işləri nəticəsində bu yardımı alan ailələrin sayı artmaqda davam edir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, aprel ayında ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 13,5 faiz, yəni 9300 ailə və ya 38 min nəfər artıb və bu yardımı alanların sayı 330 min nəfərə (78 min 300 ailə) çatıb. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin son illər bu yardımdan bəhrələnmək imkanı artır. Ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə də dəyişikliklər edilib. Buna missal kimi, "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda və "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nda edilən dəyişiklikləri qeyd etmək olar. Əvvəlki qanunvericiliyə görə, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olurdu. Yeni dəyişikliklərdən sonra isə buna görə məlumat verilməməsi yardım təyinatına və ya ödənişinə təsir etməyəcək . Həmçinin ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılmasıda yer aldı.
Dəyişiklikdən əvvə ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc, yəni kredit də daxil edilirdi. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılırdı. Yeni dəyişiklikdən sonra bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması öz əksini tapdı. Bundan əlavə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və sosial yardımın alınması üçün müraciət edilməsi, təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı Qaydalarda dəyişikliklər layihələri hazırlanıb. Belə ki, hazırkı qanunvericiliyə görə, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda ünvanlı sosial yardımın təyin olunmasından elektron sistem tərəfindən avtomatik imtina edilir. Yeni layihələrdə həmin limitin artırılması yer alıb.
Bütün bunlardan sonra panepidemiya dövründə ünvanlı social yardıma əlçatanlığın daha da artırılması məhz aztəminatlı ailələrin güzəranının yaxşılaşdırılması istiqamətində atılan addımlardandır.
Görünən odur ki, ən çətin vəziyyətlərdə belə, Azərbaycan ünvanlı sosial yardım alanların əhatə dairəsinin genişləndirilməsinə çalışır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, təyinatın sadələşdirilməsi və aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün işlər davam etdirilir. Hansı ki,hazırki dövrdə koronavirusla əlaqədar müəyyən çətinliklər yaranıb. Elə sosial sahə üzrə ekspert İlqar Hüseynli də deyir ki, hazırkı çətin vaxtda ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi müsbət tendensiyadır: “Koronavirusla əlaqədar sosial problemlərin həlli istiqamətində ən ciddi atılan addımlardan biri vətəndaşların maliyyə təminatının yaxşılaşdırılmasıdır. O cümlədən də birdəfəlik pul yardımlarının edilməsidir. Hər bir ölkənin imkanlarına görə bu yardımlar müxtəlif cür edilir. ABŞ-da, Avropa ölkələrində və digər inkişaf etmiş ölkələrdə bu praktika tətbiq edilir. O baxımdan hesab edirəm ki, indiki ağır dövrdə ünvanlı sosial yardımlar nə qədər çoxsaylı aztəminatlı ailəni əhatə etsə, bu bir o qədər cəmiyyətimiz üçün faydalıdır. Bu mənada istər ünvanlı sosial yardımların sayının artırılması, istərsə də vətəndaşlara aylıq kompensasiya müavinətlərinin verilməsi alqışlanmalıdır. Bu, çoxsaylı aztəminatlı ailənin maddi durumuna müsbət təsir göstərəcək. Hesab edirəm ki, bu imkandan nə qədər çoxsaylı ehtiyacı olan ailə istifadə etsə, bu, bir o qədər sosial baxımdan yaxşıdır. Nəticədə yaranan çətin vəziyyətdən çıxa bilərik”.
Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımı (ÜDSY) dedikdə, dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımı nəzərdə tutulur. Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur.
Mələk Eyvazlı
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanıb