Hazırda dünyanın müxtəlif ölkələrində COVID-19 xəstəliyinə qarşı 155 dərman preparatı və 79 peyvənd üzərində tədqiqat aparılır.
Unikal.org xəbər verir ki, bu məlumatı Sağlamlıq Texnologiyalarının Qiymətləndirilməsi üzrə Avstriya İnstitutu (AIHTA) yayıb. İnstitutun əməkdaşları bütün dünya üzrə aparılan tədqiqat proseslərini qiymətləndirərək, dərman preparatları və peyvəndlər barədə maraqlı məlumatlar əldə ediblər.
İnstitutdan bildirilir ki, dərman preparatlarının əksəriyyəti hazırda digər infeksiyalara qarşı tətbiq olunurlar və onların COVID-19 xəstəliyinə qarşı da effektli olacağı yoxlanılır. Lakin peyvəndlərdən hələ heç biri sınaq mərhələsini keçə bilməyib.
Dərman preparatlarının hamısı bir və ya bir neçə antiviral təsir maddələrinə əsaslanır. Bunların içərisində Remdesivir, Lopinavir və Ritonavir (ticari adı: Kaletra), Favipirvir (Avigan), Darunavir (Prezista) və digər təsir maddələrindən geniş istifadə edilir.
Araşdırma zamanı peyvənd sınaqlarında daha çox zəiflədilmiş virus stamları (virus zülallarını daşıyan “ölü peyvəndlər“) və xüsusi DNT və ya mRNA-ya malik gen əsaslı peyvənd maddələrinə üstünlük verildiyi müəyyən edilib. Eyni zamanda müəyyən edilib ki, on bir dərman preparatı və səkkiz peyvənd nümunələri kliniki tədqiqat və sınaqlarda təkmil mərhələyə çatıblar və elmi ədəbiyyatlarda onların uğur qazanacağı vəd olunur.
Qeyd edilməlidir ki, Avstriya Federal Səhiyyə Nazirliyinin sifarişi ilə hazırlanan araşdırmada əsas məqsəd hazırda dünyada COVID-19 xəstəliyinə qarşı hansı dərman və peyvəndlər üzərində tədqiqat aparıldığını öyrənmək və müvafiq zaman yetişdikdə yerli səhiyyə sistemi üçün bir neçə dərman və ya peyvənd arasından ən uyğun olanının seçimini təmin etməkdir.