“Distant təhsilin olub-olmaması artıq müzakirə məsələsi deyil, o, artıq həyata hüquq qazanıb. Koronavirus pandemiyası dövründə distant təhsil bütün dünyada təhsil sistemini iflas olmaqdan xilas edən yeganə və alternativsiz təhsil forması kimi özünü təsdiqlədi. Bu gün müzakirə olunmalı məsələ distant təhsilin necə təşkil və tətbiq edilməsidir".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun UNEC Distant Ali Təhsil Beynəlxalq Forumundakı çıxışı zamanı deyib.
Rektorun sözlərinə görə, Distant təhsil yeni və daha keyfiyyətli ali təhsil mərhələsinin başlanğıcı ola bilər:
"Distant təhsil klassik təhsillə müqayisə olunmamalıdır. O, tamamilə fərqli təhsildir. Burada tələbələrin qiymətləndirilməsi də tamamilə fərqli aparılmalıdır.
Distant təhsilə keçid yalnız universitetlər arasında deyil, eləcə də universitetlərlə ciddi texnoloji şirkətlərlə arasında rəqabəti gücləndirir. Bu şirkətlərlə universitetlərin sintezi əsasında birgə institutların yaradılması aktuallaşır.
Azərbaycan təhsil sisteminin potensial gücü onun istifadə etdiyi real gücdən dəfələrlə çoxdur. Belə ki, Azərbaycandan kənarda, Amerika, Avropa, Asiya, Kanada və s. digər xarici nüfuzlu universitetlərə çoxlu sayda tanınmış azərbaycanlılar fəaliyyət göstərir. Həmin azərbaycanlıları yaşadıqları ölkədən Azərbaycanda distant ali təhsilə cəlb etməklə ölkəmizin təhsil sistemini daha da güclü etmək mümkündür. Bununla həm də dünya təhsil sistemində baş verən müsbət dəyişikliklər ölkə təhsil sisteminə asanlıqla inteqrasiya oluna bilər.
Azərbaycan distant təhsil ixrac edən mərkəzə çevrilə bilər.
Azərbaycanda Distant Universitet yaradıla bilər.
Distant ali təhsilin daha bir üstünlüyü isə tələbələrin universitet və müəllim seçimi imkanlarını genişləndirməsidir. Bu həm də universitetlər və müəllimlər arasında rəqabəti gücləndirən təhsil formasıdır.
Distant təhsil ilk tətbiq edən univertitetləri səhvlər, yanlış addımlar gözləyir. Amma o addımı ilk atanlar həm də səhv etmək hüququnu qazanmış olacaqlar. Həmin səhvləri görərək və aradan qaldıraraq, daha keyfiyyətli təhsil imkanı əldə edəcəklər.
Almaniyada, Türkiyədə, Kanadada, İngiltərədə, Amerikada yaşayan dəyərli ziyalılarımızın bu gün bu Forumda fəal iştirakı bir daha onların hər zaman Azərbaycanla birlikdə olduqlarını nümayiş etdirdi. Azərbaycanlı ziyalılarımız bir daha sübut etdilər ki, biz güclüyük, çünki biz birlikdəyik.”