Azərbaycan nəhəglərin hədəfində
12:57 22-11-2012
İQTİSADİYYAT
Azərbaycan nəhəglərin hədəfində
Düşmən bəlli, hədəf bəlli
Prezident İlham Əliyevin son çıxışı ciddi rezonans yaratmaqdadır. Belə ki, prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan üç mərkəzin təzyiqləri ilə üzləşir.
Ekspertlər bundan sonra bəyan etdilər ki, üç qüvvə deyiləndə əsasən Avropa İttifaqı, Rusiya və ABŞ nəzərdə tutulub. Sözsüz ki, bu prosesdə erməni lobbisinin də ciddi rolu var. İndi isə gəlin bu qüvvələrin təzyiq metodlarına və bunun yarada biləcəyi nəticələrə diqqət ayıraq. Öncəliklə bunu qeyd edək ki, Azərbaycana bu üç istiqamətdən olan təzyiqlər yeni deyil və bir neçə ay öncə də prezident bu məsələ ilə bağlı açıqlama vermişdi. Müşahidəçilər hesab edir ki, sadəcə olaraq indi təzyiqlər daha mütəşəkkil şəkil alıb. Bununla bağlı PA rəsmisi Əli Həsənovun da verdiyi açıqlama maraqlıdır:-" Prezident təəssüf hissi ilə bildirmişdi ki, bu, müasir dünyanın yeni reallıqlarıdır. Müasir dünyada beynəlxalq hüquq və onun normaları ilə yanaşı hüquqi norma səviyyəsinə qaldırılmamış müəyyən standartlar da mövcuddur. Bu standartlar vahid deyil, fərqlidir. Məsələn, Cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstanda baş verən proseslərə bir qayda olaraq fərqli standartlar tətbiq olunur. Ermənistanda parlament gülləboran edilir, hakimiyyətə etiraz edənlərin hamısı ciddi təzyiqlərə məruz qalır, mitinqçilər öldürülür, amma beynəlxalq aləm nədənsə buna etiraz bildirmir. Başqa ölkələrdə də bu tip hadisələr baş verir, amma nədənsə bunlara çox səthi yanaşılır, səslərini çıxarmırlar. Bir növ himayəçilik edirlər. Amma Azərbaycanda adi bir jurnalistlə bağlı baş vermiş insident qabardılır, az qala beynəlxalq hüququn dəhşətli dərəcədə pozulması kimi təqdim edilir.
Məsələn, Fransada Türkiyəyə qarşı bir cəza mexanizmi yaratmaq istəyirdilər. Fransada bir layihə hazırlanmışdı, layihə qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tuturdu. Bu layihənin hazırlanıb dövriyyəyə buraxılması bütün dünyanın gözü qarşısında fundamental hüquqların tapdanması, fərqli düşüncənin, siyasi plüralizmin boğulması idi. Təsəvvür edin ki, insanlar cəzalandırlacaqdı. Nəyə görə? Fərqli düşündüklərinə görə. Gərək mütləq şəkildə qəbul edəsən ki, "erməni soyqırımı" baş verib. Əgər qəbul eləmirsənsə, fərqli düşünürsənsə, sənə cəza kəsəcəklər. Bu tipli hallara, elə Fransadakı hadisənin özünə, "Sərhədsiz reportyorlar", "Fridom Haus", "Human Rayts Votç" bir cür yanaşır, amma Azərbaycanda baş verən, statusuna, baş vermə mühitinə, hadisənin mahiyyətinə, məğzinə görə buna yaxın olmayan hadisələrə tamamilə şişirdilmiş bir münasibət göstərirlər.
Biz bunu "Avroviziya" yarışması zamanı da gördük. Bu yarışmanın Azərbaycanda keçirilməsini istəmirdilər, sadəcə gözügötürməzliyə görə. 7-ci Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Azərbaycanda keçirilməsinə görə də böyük kampaniya apardılar. Müasir dünyada bir ədalətsizlik hökm sürür. Eyni məsələlərə fərqli standartlarla yanaşırlar.
İkincisi, islamofobiya xəstəliyinə tutulmuş ayrı-ayrı siyasətçilər, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri var. Məsələn, "Fridom Haus" təşkilatının rəhbəri və başqaları. Bunlarda ənənəvi olaraq islama və müsəlman dövlətlərinə qarşı həmişə çağırışlar, fikirlər olur. Azərbaycana təzyiq edən beynəlxalq mərkəzlərə gəlincə, prezident İlham Əliyev bununla da bağlı tam açıq danışdı. Təəssüflər olsun ki, bəzi dövlətlər son zamanlar kiçik dövlətlərlə, o cümlədən Azərbaycan tipli ölkələrlə bərabərhüquqlu, qarşılıqlı, faydalı əməkdaşlıq etmək iradəsi deyil, "böyük-kiçik" dövlət münasibətləri nümayiş etdirməyə cəhd göstərirlər.
Prezident İlham Əliyev Azərbaycana təzyiq edən mərkəzlər deyəndə əsasən keçmişdə hansısa böyük dövlətçilik, imperiya və şovinist ideyalarla yaşamış, indi isə həmin ideyalardan əl çəkə bilməyən, Azərbaycan kimi ölkələri özlərinə bərabərhüquqlu dövlət kimi görə bilməyənləri nəzərdə tutur.Söhbət həm də ayrı-ayrı dövlətlərdən gedir. Məsələ ondadır ki, belə ikili standartlar artıq bəzi ölkələrin siyasəti səviyyəsinə qalxıb. Hətta o həddə çatıb ki, Azərbaycanda baş verən hadisələri dərhal böyük ironiya ilə qarşılayırlar. Deyirlər ki, bu kiçik dövlətdə niyə belə böyük proseslər baş verir?". İndi isə gəlin bu təzyiqlərin yaradacağı nəticələrə baxaq.
ABŞ təzyiqləri
və iddiaları
Ekspertlər hesab edir ki, Azərbaycana təzyiq göstərən qüvvələrdən biri də ABŞ-dır. Bu iş ABŞ-da həm dövlət səviyyəsində, həm də konqresdə ciddi nüfuza və dayağa sahib olan erməni lobbisi tərəfindən həyata keçirilir. ABŞ siyasətində Azərbaycan bir tərəfdən müttəfiq ölkə kimi görünür, bu biri tərəfdən isə Azərbaycana qarşı söz azadlığı, demokratiya və enerji ittihamları səsləndirilir. İlk belə ittiham isə NABUCCO layihəsinə Azərbaycanın maraq göstərmədiyi zaman baş verdi. Bundan başqa ərəb inqilabı Barak Obama siyasətinə də təsirini göstərdi və qərbin şərq ölkələrində başladığı proseslərdən kənarda qalmamaq üçün demokratiya çağırışlarını artırdı. Nəticə də Azərbaycanla da münasibətlərdə bir soyuqluq yarandı. Amma müşahidəçilər hesab edir ki, ABŞ Azərbaycanla münasibətləri sona qədər gərginləşdirməkdə maraqlı olmayacaq. Çünki hazırda Azərbaycan regionda ABŞ-in daha stabil müttəfiqi rolundadır. Digər tərəfdən ABŞ Qafqazda nüfuzunu qoruyub saxlamaq və Rusiyanın təsirini azaltmaq üçün Azərbaycanla müttəfiqliyi dərinləşdirməlidir. Dünənə qədər ABŞ regionda əsas müttəfiq kimi Gürcüstanı görürdüsə, artıq indi Gürcüstan sıradan çıxmaq üzrədir. Belə olan halda ABŞ gözü görə-görə Azərbaycanı yenidən Rusiyanın təsirinə salmaz. Bundan başqa Azərbaycan artıq başqa ciddi bir addımda atdı ki, buda proseslərə təsir edəcək. Söhbət Azərbaycanın TANAP layihəsinə razılıq verməsidir.
Qərbdə erməni sevgisi
Azərbaycana sistemli təsir və təzyiq etmək istəyən qüvvələrdən biri də Avropa İttifaqı timsalında qərbdir. Maraqlıdır, qərb hansı səbəbdən Azərbaycana təzyiqləri artırır? Müşahidəçilər hesab edir ki, bu gün qərbin enerji təhlükəsizliyində Azərbaycan ciddi rol oynayır və TANAP layihəsi reallaşandan sonra qərb daha rahat nəfəs ala biləcək. Əslində Azərbaycan bu layihəni reallaşdırmaqla qərbi Rusiyanın enerji aslılığından xilas etmiş oldu. Amma bunun qarşılığında Azərbaycana təzyiqlər səngimir. Ekspertlər hesab edir ki, bu təzyiqlərin olmasında başlıca səbəb yenə də enerji ilə bağlıdır. Çünki hazırda Azərbaycan qərblə eyni səviyyədə durur və bəzi hallarda öz şərtlərini diqtə etdirə bilir. Qərbə isə daha rahat və sözə baxan Azərbaycan hakimiyyəti lazımdır. Elə BP qalamqalında da bunun şahidi olduq. Qərbin siması hesab edilən BP öz maraqlarına görə götürdüyü öhdəlikləri yerinə yetirmir, Azərbaycan buna etiraz edir və qərb cavab olaraq təzyiqi artırır. Amma buda bildirilir ki, TANAP-dan sonra Azərbaycana yanaşmada qərb dövlətlərindən Almaniya və İngiltərə daha loyal xətt tutacaq. Bununla yanaşı ekspertlər hesab edir ki, qərbdə Azərbaycana qarşı sərt addımların atılmasında erməni lobbisinin imkanları daha böyükdür və bəzi hallarda Fransa bu lobbiçilik missiyasını həyata keçirir. Ekspertlər bildirir ki, erməni lobbisi təzyiqləri artırmaqla əslində Dağlıq Qarabağ probleminin həlli zamanı Azərbaycanı daha ağır güzəştlərə məcbur etmək istəyir. Yəni bu təzyiqlər nəticəsində qərb enerji problemini həll edir, Ermənistan isə torpaq iddialarını. Buna görə ekspertlər hesab edir ki, qərbin təzyiqləri daha təhlükəlidir və buna görə qərblə beynəlxalq təşkilatlar səviyyəsində yox, həm də dövlətlər səviyyəsində əlaqələr gücləndirilməlidir.
Rusiyanın son iddiası
Hazırda Azərbaycana qarşı daha sərt və açıq şəkildə təzyiqlər edən isə Rusiyadır. Əslində Rusiya şərqdə dayaqlarını itirdikcə Qafqazda gücünü artırmaq istəyir. Bunun üçün isə ilk növbədə hədəf Azərbaycan göstərilir. Çünki Ermənistan tam olaraq Rusiyanın nəzarətindədir, Gürcüstan artıq bu təsirə düşmək üzrədir, Azərbaycan isə günbə-gün Rusiyadan uzaqlaşmağa çalışır. Rusiyanın isə Azərbaycandan istədikləri çoxdur. Hazırda Rusiya Azərbaycandan
- Qəbələ RLS-ni tələb edir
- Ümumi Gömürük İttifaqına qoşulmağı istəyir
- Hərbi bazasının yaradılması və ya genişləndirilməsini tələb edir.
Bunlar isə faktiki Azərbaycanın dövlət müstəqilliyinə ağır zərbədir. Buna görə də hazırda Rusiya Azərbaycanda daxili siyasi proseslərə müdaxilə etmək üçün addımlar atır, sərhəd bölgəsinə qoşun hissələri toplayır. Bunu da nəzərə alaq ki, 2013-cü ildə Azərbaycanda prezident seçkiləri olacaq və Rusiya bu təzyiqləri daha da gücləndirəcək. Ekspertlər buna görə hesab edir ki, Azərbaycan istənilən halda ABŞ-la müttəfiqliyə xüsusi önəm verməli və təhlükəsizliyinə qarrantiyanı məhz ABŞ-dan istəməlidir. Yeri gəlmişkən bunu da qeyd edək ki, ABŞ-in imkanı var ki, qərbində təzyiqlərini lazımi qədər zəiflətsin. Bu səbəbdən bir neçə gün öncə ABŞ-da Azərbaycan tərəfinin ABŞ siyasiləri üçün təşkil etdiyi ziyafət xüsusi vurğulanmalıdır. Çünki bu əlaqələrin daha da ciddiləşməsinə təsirini göstərəcək.
Ümumilikdə götürən də aydın olur ki, bu gün Azərbaycan regionda ən həssas və təsir etmə imkanı olan nöqtəyə çevrilib. Bunu da unutmayaq ki, Suriyada proseslər başa çatandan sonra qarşıda İran var və İrana hansısa müdaxilə sözsüz ki, Azərbaycandan da kənar ötüşməyəcək. Məhz buna görə Azərbaycan son bir ay ərzində İranla da münasibətləri qaydaya sala bilib. Yaxın günlərdə Türkiyə, İran və Azərbaycan XİN rəhbərlərinin birgə görüşüdə proseslərə müsbət təsirini göstərəcək.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53