Milli Məclisin plenar iclasında millət vəkili Siyavuş Novruzov həbs olunan icra başçılarının rayonlarındakı hüquq-mühafizə orqanlarının da məsuliyyət daşıdığını bildirib.
Unikal.org həmin rayonların hüquq muhafizə orqanlarının kimliyi ilə bağlı araşdırma aparıb.
Bir neçə gün öncə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılmışdı. Həmin rayonunun polis rəisi polkovnik Füzuli Şıxəliyev, prokuroru isə Baş Ədliyyə müşaviri Valeh Səmədovdur.
Digər həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Adıçəkilən rayonun polis rəisi Əliəddin Səfərov, prokuror isə Camal Bağırovdur.
Ötən ilin sonuncu ayında isə Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarova qarşı bənzər əməliyyat keçirilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə, DTX-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılmışdılar. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsində sabiq icra başçısı və müavini barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Həmin rayonun polis rəisi polkovnik Elsəvər Aslanov, prokuror vəzifəsini icra edən isə Aslan Surxayevdir.
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev – Onun mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilərək DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılmışdı. Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Adıçəkilən rayonun polis rəisi polkovnik Vüsal Şəbəndiyev, prokuroru isə Aydın Əliyevdir.
Eyni vaxtda Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov da saxlanılıb. Nizaməddin Quliyevlə eyni maddələrlə ittiham olunan keçmiş icra başçısı barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Həmin rayonun polis rəisi polkovnik Elnur Mehdiyev, prokuror vəzifəsini icra edən Elxan Pənahovdur.
Elvin Rüstəmov