Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan paytaxt sakini Səbuhi Hüseynovun evindən oğurluq edilib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Zərərçəkən ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə şikayət edərək bildirib ki, evin plastik pəncərəsini sındırıb içəri daxil olan naməlum şəxs mənzildən ümumi dəyəri 1200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda həmin qəsəbədə yaşayan daha 5 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da mənzillərindən pul və digər qiymətli əşyalar oğurlandığını bildiblər.
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Elşən İsayev qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, təkzibedilməz faktlar və mötəbər sübutlar qarşısında törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 6 evdən oğurluq etdiyini bildirib.
Araşdırma zamanı müəyyən olunub ki, Elşən İsayev evlərdən oğurladığı qızıl-zinət əşyalarının bir qismini “İnstagram” sosial şəbəkəsində satıb. Əldə etdiyi pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləyib. Onun ümumilikdə zərərçəkənlərə 9 min manata yaxın maddi ziyan vurduğu məlum olub.
Elşən İsayevbarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.