97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin iyunun 3-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində seçicilərlə növbəti səyyar görüşü keçirilib.
Unikal.org xəbər verir ki, xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak edib.
Goranboy rayonunun ən böyük yaşayış məntəqəsi olan Qızılhacılı qəsəbəsinin ağsaqqallarının, ziyalılarının, şəhid ailələrinin və Qarabağ qazilərinin bir qrupunun iştirak etdiyi, səmimi və işgüzar şəraitdə keçən görüşdə 8 minə yaxın əhalisi olan qəsəbənin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.
Millət vəkili ölkə əhalisinin içməli su ilə təminatının və kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması istiqamətlərində dövlət başçısı tərəfindən həyata keçirilən tədbirlər, ö cümlədən Goranboy rayonunda aparılan işlər barədə seçicilərə ətraflı məlumat verib.
Deputat bu günlərdə Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərliyi ilə keçirdiyi videokonfransda Azərbaycanda suvarma ilə bağlı planlardan, böyük su itkilərinin qarşısının alınması üçün yeni su infrastrukturunun və idarəetmə sisteminin yaradılmasının zəruriliyinin vurğulandığını xatırladıb.
Milli Məclisin üzvü qeyd edib ki, bu məqsədlə yaradılan xüsusi hökumət komissiyası tərəfindən ölkənin su potensialı yenidən qiymətləndiriləcək, bu istiqamətlərdə yeni prioritetlər və yatırılacaq investisiyaların həcmi müəyyənləşdiriləcək.
Suvarmanın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi, texniki və maliyyə dəstəyi baxımından bu işlərə Asiya İnkişaf Bankı və digər beynəlxalq iqtisadi və maliyyə qurumlarının cəlb edilməsinə əlverişli şərait yaradılacaq.
Ağalar Vəliyev Qızılhacılı qəsəbə sakinlərinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə bağlı seçicilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bilavasitə dəstəyi ilə yeni artezian quyusunun qazılmasını təşkil edəcəyini və yaxın vaxtlarda bütün müasir standartlara cavab verən artezian quyusunun istifadəyə veriləcəyini vurğulayıb.
Səyyar görüşdə Qızılhacılı qəsəbə sakinləri sərhədyanı təmas bölgəsi olan Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.