Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı şənbə və bazar günü nəyə görə karantin rejiminin tətbiq edilməsinə dair sualı cavablandırıb.

Unikal.org xəbər verir ki, mətbuat konfransında jurnalist "həftənin 5 günü insanları sərbəst buraxmaq və iki günü sərt karantin rejimi tətbiq etmək koronavirus tutulmaq təhlükəsi baxımından necə əhəmiyyətli ola bilər?" sualına belə cavab verib:

"Əlbəttə, uzun müddətli sərt karantin rejiminin tətbiqi epidemioloji vəziyyəti daha da yaxşılaşdırmağa imkan verə bilər. Xarici ölkələrin də təcrübəsinə əsaslanaraq deyə bilərik ki, uzun müddətli sərt karantin rejimindən sonra insanlarda bəzi arxayınlaşmalar yaranır.

Ancaq, son qərarımızın da nəticələri olacaq. Təhlil edilməmiş heç bir qərar qəbul edilmir. Həftə sonları və bayram günlərində karantin rejiminin tətbiq edən ölkələrin də bütün statistik göstəriciləri təhlil edilib. Əlimizdə rəqəmlər mövcuddur və lazım olsa bunu ölkələr üzrə təqdim edə bilərik. Təhlillər onu göstərir ki, qısa müddətli qapanmaların da effekti vardır. Ancaq, belə düşünməyək ki, həftənin şənbə və bazar günlərində karanatin rejimindən sonra birinci ilk iş günü koronavirus xəstələrinin sayı azalacaqdır. Xeyr. Təmasın minumuma endirildiyi vaxtdan 7-10-14 gün sonra hansı nailiyyət əldə olunması barədə statistik məlumat verə biləcəyik".