Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub.
Unikal.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün Daxili İşlər Nazirliyinin 590–80–20 “qaynar xətt” nömrəsinə, yaxud “102” Xidmətinə müraciət edilsin.
İyunun 6-dan etibarən 8 iyun tarixədək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq. Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq.