Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının faaliyyəti yenidən aktivləşdirilib.

Bu barədə Unikal.org-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların portaldan istifadə rahatlığının, vaxt və resurlara qənaətinin təmin edilməsi məqsədi ilə icaze.e-gov.az portalında fəaliyyətinə icazə verilmiş qurumların əməkdaşlarının icazələri ləğv edilməyib. 

Belə ki, dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsləri portala daxil olaraq sistemdə qeyd edilmiş əməkdaşın adının qarşısında “Aktivləşdir” düyməsini sıxaraq icazəsini yenidən aktivləşdirə bilərlər. Adları sistemdə olmayan əməkdaşların məlumatları isə icazə alınması üçün portala daxil edilməlidir. Yalnız Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin əməkdaşlarının icazələri aktivləşdirilə bilər. Bu səbəbdən dövlət və özəl təşkilatlara əməkdaşlarının icazələrini aktivləşdirməmişdən öncə fəaliyyət sahələrinə Nazirlər Kabineti tərəfindən icazə verildiyinə əmin olmaları tövsiyə olunur.

Vətəndaşlar mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər. Bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçə, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq öz icazəsinə baxa və ya elektron formasını yükləyə bilər.

Portaldan istifadə qaydaları ilə bağlı videotəlimat: https://youtu.be/gwMzT4YrF7s

Ətraflı məlumat üçün 108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.