Milli  Məclisin Səhiyyə komitəsinin sədri,  65 saylı Saaatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanov Kürdəmir rayonunda  seçiciləri qəbul edib. Kürdəmir rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli də iştirak edib.

Unikal.org xəbər verir ki, xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunmuş qəbul zamanı Əhliman Əmiraslanov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli köklü islahatlar  və bu gün dünyada qlobal problem olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib.  Millət vəkili hazırki pandemiya dövründə karantin rejiminin digər tələbləri ilə yanaşı vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə edilməsinin zəruriliyini  bildirib.

Qəbulda iştirak edən seçicilər  Əhliman Əmiraslanovun hər zaman onları narahat edən məsələlərin həllində  yaxından köməklik göstərdiyini, dəfələrlə xəstəliyi olan insanların müayinə və müalicəsinə, çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatlarının təşkil edilməsi və bilavasitə icra olunmasına görə deputatlarına  minnətdar olduqlarını qeyd ediblər.  Sonra  isə sakinlər onları narahat edən problemləri səsləndiriblər. Qeyd edilən problemlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub.

  Əhliman Əmiraslanov sakinləri narahat edən problemlərin həlli istiqamətində daim çalışdığını və müvafiq strukturların rəhbərləri ilə bu problemlərin həll olunması məqsədilə görüşlər keçirdiyini seçicilərin diqqətinə çatdırıb.