Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahanları Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilmiş yeni qaydalara əsasən Akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, “Microsoft Teams” proqramı vasitəsilə onlayn qaydada şifahi şəkildə keçirilir.
Unikal.org qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlayn dərslərdə iştirak edib-etməməsindən asılı olmayaraq, Akademiyanın bütün tələbələri imtahanlara buraxılırlar.
Tələbəyə suallar Akademiyanın elektron imtahan sistemi tərəfindən ünvanlanır. Tələbə sualları onlayn qaydada şifahi şəkildə cavablandırır. Tələbəyə düşünmək üçün 20, sualları cavablandırmaq üçün əlavə 20 dəqiqə vaxt verilir.
Akademiya tərəfindən imtahanların onlayn şəkildə keçirilməsi və qiymətləndirmə ilə bağlı qəbul edilmiş qaydalar haqqında valideynlər, müəllimlər və tələbələr, həmçinin nəzarətçilər keçirilən onlayn iclaslar zamanı məlumatlandırılıb. İmtahanlardan öncə tələbələr imtahan qaydaları barədə yazılı şəkildə də məlumatlandırılıblar və onlar üçün sınaq onlayn imtahan təşkil edilib.
Semestr imtahanları 10 iyul 2020-ci il tarixində başa çatacaq.
Xatırladaq ki, qəbul edilmiş yeni qaydalara əsasən, 2019/2020-ci tədris ilinin yaz semestrinin semestr daxili imtahanları da Akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, Microsoft Teams proqramı vasitəsilə onlayn qaydada, şifahi şəkildə keçirilib.