Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi "Duan-u" bayramına həsr olunmuş poetik onlayn seminar təşkil edib.
ADU-nun mətbuat xidmətindən Unikal.org-a verilən məlumata əsasən, bayram Çin müəllif poeziyasının banisi, ölkənin tarixində ilk məşhur lirik şair, Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsinə həsr olunub.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin poeziyasının yüksək insani hisslər və həyəcanlarla dolu unikal fəlsəfəsindən danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın "Azərbaycan", "Çin səddi”, "Ay", “Bu sevgidir" şeirlərini Çin dilində söyləyib.
ADU tələbələrinin ifasında Tsui Yuanın əsərlərindən - “Sürgünün kədəri”, “Chu xətləri”, “Səma inciləri” və “Doqquz melodiyalar” poemalarından parçalar səsləndirilib.
Seminarın sonunda Konfutsi İnstitutunun müəllimi Fan Tszyaxao ənənəvi bayram yeməyi olan “tszuntszı”- qamış yarpaqlarına bükülmüş yapışqan düyünün hazırlanmasına həsr olunmuş kulinariya üzrə ustad dərsi keçirib.