“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 102-ci il dönümünə həsr olunmuş “İstiqlal Keşikçiləri” adlı videokonfrans təşkil olunub.
Unikal.org xəbər verir ki, videokonfransda QHT sədrləri, müxtəlif universitetlərin tələbə gənclər təşkilatları, KİV nümayəndələri, ziyalılar, Şəhid ailələri və Qarabağ qaziləri iştirak edib. Konfransı giriş sözü ilə açan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Alızadə Azərbaycan ordusunun yaranma tarixindən, ordunun xalqımızın həyatındakı rolundan danışmış, şəhidlərimizin əziz xatirəsini daima uca tutmağı gənclərimizə tövsiyə edib. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında qeyd etmişdir ki,tədbirin adı təsadüfən “ İstiqlal Keşikçiləri” adlandırılmayıb. Ordu həqiqətən bir xalqın, millətin müstəqilliyinin, ərazi bütövlüyünün təminatıdır. Qarabağ qaziləri baş leytenant Əhliyət Mehdiyev, kapitan Anar Məmmədov və baş gizir Zamiq Əsgərov Vətənin müdafiəsi uğrunda sağlamlıqlarını itirsələrdə, hər zaman doğma torpaqlarımızın müdafiəsi yolunda döyüşə hazır olduqlarını bildiriblər. Azərbaycan Respublikaının Gənclər Təşkilatı Milli Şurasının sədri Məryəm Məcidova qeyd etmişdir ki, gənclərimiz hər bir zaman olduğu ölkədən, tutduğu statusdan asılı olmayaraq Azərbaycan həqiqətlərini dünya gənclərinə çatdırmağa nail olmalıdırlar.
KİV rəhbərləri Elşad Eyvazlı və Zaur Əhməd vətənpərvərliyin təbliğində ictimai təbliğatın vacibliyini vurğuladılar. Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tələbələrin bu kimi tədbirlərdə iştirakını müsbət hal kimi qiymətləndirmiş, gəncliyin üzərinə böyük bir vəzifə qoyulduğunu qeyd edib. Müxtəlif universitetlərin tələbə gənclər təşkilatlarının üzvləri videokonfransda çıxış edərək Azərbaycan naminə daima mübarizə aparmağa, şəhidlərimizin, qəhrəmanlarımızın xatirəsini uca tutmağa, vətənimizin bütövlüyü uğrunda hər bir mübarizəyə hazır olduqlarını bildiriblər.
Tədbirdə tələbələrin ifasında vətənpərvərlik ruhunda şeir və mahnılar ifa edilib.