Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development – ESD) təşkilatçılığı ilə UNEC-in 90 illik yubileyinə həsr olunan “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda onlayn formada 55-ci beynəlxalq konfrans keçirilib.

Unikal.org UNEC-in mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda təşkilatçılarla yanaşı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Məclis və digər dövlət qurumlarının rəhbər şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, dünyanın elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov “COVID-19” pandemiyasının yaratdığı problemlərin dünya iqtisadiyyatının inkişafına mənfi təsirindən danışaraq, gələcəyin iqtisadiyyatında yeni enerji siyasətlərinin ortaya çıxmasının, asan və keyfiyyətli rabitə sistemlərinin, eləcə də rəqəmsal şirkətlərin sürətli inkişafının qaçılmaz olduğunu qeyd edib, rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrini əhatə edəcəyini vurğulayıb. 

Təşkilat Komitəsinin Prezidenti Domagoj Cingula beynəlxalq konfransın artıq ikinci dəfədir ki, UNEC-lə birgə keçirildiyini diqqətə çatdıraraq, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.

Konfrans işini plenar iclaslarda davam etdirib. Qeyd edək ki, beynəlxalq konfransa dünyanın 20-dən çox ölkəsindən 386 elmi məqalə təqdim olunub. Məqalələr Web of Science bazasna daxil olan jurnallarda nəşr olunacaq.