Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 25-də növbəti videoqəbul keçirib.
Unikal.org xəbər verir ki, Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub.
Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.
Qeyd edək ki, komitədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları davam etdiriləcəkdir. 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar.