“Biz koronavirusla birgə yaşamağı öyrənməli və sağlam qalmağı bacarmalıyıq”.
Bu sözləri millət vəkili Hikmət Babaoğlu Unikal.org-a açıqlamasında deyib.
“Azərbaycan prezidenti Gəncəyə səfəri zamanı koronavirus probleminin olduqca aktual olduğunu dilə gətirdi. Ümumdünya Səhiyyə Təşkilatının, mütəxəssislərin də mövqeyi belədir ki, biz koronavirusla birgə yaşamağı öyrənməli və sağlam qalmağı bacarmalıyıq. Bunun da yeganə yolu sosial izolyasiyadan, karantin rejiminin şərtlərinə əməl etməkdən keçir. Həmin görüşdə 3 məsələ xüsusi vurğulandı: sosial məsafənin saxlanılması, sosial izolyasiyanın təsdiq olması, reseptiv tədbirlərin görülməsi. Ancaq bu üsullarla özümüzü koronavirus təhlükəsindən qoruya bilərik. Mən güman edirəm ki, bu gün istər vətəndaşlar, istər səhiyyə işçiləri, istərsə də polis orqanlarında çalışan vətəndaşlarımız – bir-birimizin keşiyimizdə durmağı bacarmalıyıq. Çünki, hər birimizin sağlamlığı digərimizlə birbaşa əlaqədardır. Bu virusdan qorunmağın yeganə yolu deyilən tələblərə uyğun hərəkət etməkdir. Tibbi avadanlıqlar ölkəyə gətirilir, modul tipli xəstəxanalar təşkil edilir, ümumiyyətlə dövlət yetirəncə əlindən gələni edir. Amma bunlar yetərli olmaya bilər. Ona görə də verilən tələblərə ciddi nəzarət etməliyik. Koronavirus yoxdur və uydurma imiş kimi cəmiyyətdə təəssüratlar yaradılır. Bunu edənlərin məqsədi odur ki, insanlar arasında inamsızlıq yaransın və nəticə etibarı ilə vəziyyət pisləşsin. Biz mütləq ağılla hərəkət etməli, həm özümüzü, həm də sevdiklərimizi qorumaq üçün qaydalara əməl etməliyik".
Dürrə Həsənova