Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanıb.

AZAL-dan Unikal.org-a verilən məlumata görə, iyulun 2-dən Avqusutun 29-dək AZAL aviaşirkəti həftədə iki dəfə (cümə axşamı və şənbə günlər) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək.

Qeyd etməliyik ki, "Azərbaycan Hava Yolları"ndan başqa, iyulun 1-dən etibarən "Türk Hava Yolları" da Bakı və İstanbul arasında həftədə iki dəfə (çərşənbə və cümə günlər) uçuşlar yerinə yetirəcək.

Beləliklə, iyulun 1-dən etibarən Bakı və İstanbul arasında xüsusi aviareyslərin sayı həftədə dörd dəfəyədək artırılacaq. Bunun sayəsində tələbələrin və vətəndaşların digər ölkələrdən İstanbul üzərindən tranzit keçməklə Azərbaycana qayıtması üçün imkan yaranacaq. Bundan əlavə, həmin reyslərdə AZAL xarici ölkələrdə təhsil alan, miqrasiya vəsiqəsində müvafiq qeyd olan Azərbaycanlı tələbələrə 30% güzəştlə aviabilet təqdim edəcək.

AZAL-ın saytında aviabilet alışı zamanı tələbələr miqrasiya vəsiqəsinin surətini aviaşirkətin çağrı mərkəzinə göndərməlidirlər və onlara güzəştli aviabiletin dəyərinin ödənilməsi üçün link göndəriləcək. Xüsusilə qeyd etmək lazımdır ki, miqrasiya vəsiqəsinin əsli hava limanında qeydiyyat zamanı təqdim edilməlidir. Miqrasiya vəsiqəsi olmadığı təqdirdə sərnişin reysə buraxılmayacaq.

Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

- İnci laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80;

- Referans kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33;

- Memorial Klinik. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan

yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.

İstənilən halda test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir.

Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslə Bakıya gələn bütün sərnişinlər iki həftəlik özünütəcrid rejiminə keçməli olacaqlar. Bu məqsədlə, uçuş zamanı özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməklə bəyannamə doldurmalı olacaqlar. 8103 nömrəsinə SMS göndərməklə alınan icazə həmin şəxslərə şamil olunmur.

AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 sm ölçüdən böyük olmayan portativ kompyüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. "Duty Free" mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.

Xatırladaq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M