Abbas Abbasov hərəkətə keçdi
Abbas Abbasov hərəkətə keçdi

“Milyarderlər İttifaqı” adekvat addım atmağa hazırlaşır

Rusiyada yaradılan “Milyarderlər İttifaqı” ilə bağlı qalmaqal böyüyür. Bu günlərdə Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin verdiyi açıqlama yenidən canlanma yaratdı. Xatırladaq ki, PA rəhbəri Ramiz Mehdiyev bəyan etmişdi ki, yeni yaradılan qrumu qəbul etmir və onların maraqları başqadır.

Hətta akademik bunu da qeyd etmişdi ki, təşkilatı yaradanlardan biri ilə bu prosesə başlamamışdan öncə söhbət etmişdi və təşkilat yaratmağı dayandırmağı istəyib. Amma danışıqlar nəticəsiz qaldı və təşkilat yaradıldı. “Unikal”a daxil olan məlumata görə Ramiz Mehdiyevlə görüşən şəxs, RATİ-in təsisçilərindən biri olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasov olub. Ramiz Mehdiyevin bu açıqlaması isə təşkilat üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Mənbənin sözlərinə görə hakimiyyətin, təşkilat yaranandan sonra göstərdiyi təpkiyə cavab olaraq Abbas Abbasov proseslərdən kənara çəkildi və təcili Bakıya gələrək prezident İlham Əliyevlə görüşməyə çalışdı. Amma Abbas Abbasovun təşəbbüsü qəbul olunmadı və bununla da Abbas Abbasov yanlış addım atdığının fərqinə vardı. Buna görə də mətbuatla təmasdan yayınan Abbas Abbasov həm də təşkilatdakı fəaliyyətini qeyri-rəsmi dondurdu. Amma Ramiz Mehdiyevin məlum açıqlamasından sonra Abbas Abbasov artıq geri çəkilməyin mümkünsüzlüyünü görərək təşkilatdakı fəaliyyətini gücləndirib. Mənbənin sözlərinə görə Abbas Abbasovla yanaşı İsgəndər Xəlilovda artıq hərəkətə keçib. Mənbə bunu da qeyd edir ki, bu məqsədlə Abbas Abbasov özünə yaxın iş adamları ilə dərhal görüşə başlayıb. Bundan başqa Abbas Abbasovun müxalifət partiyalarından biri ilə də sıx əlaqələri var və hazırda məsələnin daha çox siyasiləşməsinə də cəhd göstərir. Buda qeyd olunur ki, Abbas Abbasov artıq geriyə qayıtmağın mümkünsüzlüyünü görərək bütün körpüləri yandırır. Yeganə ümidi isə rəsmi Kremldən ala biləcəyi dəstəkdir.
Toğrul Əliyev