Neft bazarında qiymətlərdə şok yaşanır. Hətta Amerikada WTI markalı neftin may ayı üzrə fyuçers qiymətində kəskin düşmə müşahidə olunmuşdur. Belə ki, müvafiq fyuçers qiyməti aprel ayında hətta -40 ABŞ dolları səviyyəsinə qədər enmişdi. Eyni zanamda Brent markalı neftin də qiymətində enmələr müşahidə olunurdu. Bəs neft bazarında qiymətlərin qeyri-stabilliyi Azərbaycan iqtisadiyyatında əks oluna bilərmi?
İqtisadiyyat Komitəsinin sədri, millət vəkili Tahir Mirkişili Unikal.org-a açıqlamasında bildirib ki, 2019-cu ildə Dövlət Neft Fondunun gəlirləri 19 milyard manat olub. Bu gəlirlərin 14.6 milyard manatı neftin ixracından əldə edilən gəlirlərdir. 4.4 milyard manatlıq gəlir isə digər fəaliyyətlərdən əldə olunub.
“2019-cu ildə Azərbaycan neftinin dünya bazarlarında orta satış qiyməti 66.8 dollar olub. Bu 19 milyard manatdan 11.3 milyard manatı dövlət büdcəsinə köçürülüb, 200 milyon manatı isə qaçqın və məcburi köçkünlər üçün mənzillərin inşasına yönəldilib.
Əgər neftin qiyməti 14 dollar olsa idi nə baş verərdi? Təxmini hesablasaq, o zaman Azərbaycanın neftin ixracından əldə edəcəyi gəlir təqribən 3 milyard manat olacaqdı. Digər fəaliyyətlərdən də əldə olunan gəlirlərin təqribən dəyişməz olacağını qəbul etsək, onda Dövlət Neft Fondunu gəlirləri 7.4 milyard manat olacaqdı.
Heç bir xərcləri ixtisar etməsək və Neft Fondundan dövlət büdcəsinə köçürmələri 2019-ci ildəki kimi yüksək səviyyədə saxlasaq, onda təqribən 4 milyard manat çatmayacaqdı (11.4-7.4). Bu da 2.35 milyard dollar edir. Heç bir əlavə tədbirlərin görülməməsini fərz etsək, Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 mlrd dollardan çox olduğunu nəzərə alsaq, onda bu fərqin illərlə ödənməsi Azərbaycan üçün heç bir çətinlik tələb etməzdi.
Yəni, neftin qiymətinin 14 dollar olması bəzi insanların təsəvvür və arzu etdiyi kimi Azərbaycan üçün heç bir faciəyə gətirib çıxarmır və çıxarmayacaq. Əlavə olaraq islahatları və qeyri-neft sektorunu inkişadı tempini nəzərə alsaq onda mənzərə xeyli daha yüngülləşir”, - deyə millət vəkili qeyd edib.
Nigar Orucova